“Lokomotiv” yarımfinalda!
01.03.2011 - 23:22
“Lokomotiv” yarımfinalda!
Bakının “Lokomotiv” voleybol klubu bu gün “Çelenc Cup” turnirinin 1/4 final mərhələsində cavab oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Draqutin Baltiçin yetirmələri Almaniyada “Şviriner” komandasının qonağı olublar.

İlk qarşılaşmada rəqibinə 3:0 hesabı ilə qalib gələn “dəmiryolçular” bu dəfə də qələbə qazanıblar. Düzdür, oyun voleybolçularımız üçün yaxşı başlamayıb. Belə ki, “Lokomotiv” ilk texniki fasiləyə 8:6 hesabı ilə öndə yollansa da, bu üstünlüyü davam etdirə bilməyib. Fasilə isə “Şveriner”in özünə gəlməsi ilə nəticələnib. Bundan sonra təşəbbüsə yiyələnən almanlar yekunda seti aktivlərinə yazmağı bacarıblar - 25:17.

İkinci hissə daha gərgin keçib. Məğlubiyyətlə barışmaq istəməyən “Lokomotiv” setboyu hesabda geridə olsa da, görüşdə bərabərlik yaradıb - 1:1.

Artıq öz oyununu tapan Draqutin Baltiçin yetirmələri növbəti hissələrdə “Şviriner”dən güclü olduğunu sübut ediblər. Voleybolçularımız III setdə 2-ci dəfə hesabda geri düşsələr də, komandamızın serbiyalı çalışdırıcısının oyunda etdiyi taktiki gediş öz bəhrəsini verib.

Ardıcıl 2 hissədə qələbə qazanan “Lokomotiv” evdə olduğu kimi səfərdə də almanları məğlub edərək, duelin taleyinin “Qızıl set”də həll olunmasına imkan verməyib. Beləliklə, hər 2 matçda rəqibinə qalib gələn Bakı klubu “Çelenc Cup” turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Super Liqanın gümüş mükafatçısının rəqibi sabah müəyyənləşəcək.


1 mart
“Şviriner” - “Lokomotiv” - 2:3 (25:17, 23:25, 25:16, 23:25, 14:16)
Hakimlər: Gianni Bartolini (İtaliya), Mark Bloemhard (Hollandiya).
0