Kapitan azarkeşləri köməyə çağırdı
01.03.2011 - 11:13
Kapitan azarkeşləri köməyə çağırdı
“Çempionatın son oyunundakı qələbə bizi ruhlandırıb. Həmin matçda azarkeşlər də möhtəşəm idi. İnanırıq ki, bu gün Bakının “Lokomotiv” klubu ilə görüşdə də fanatlarımız bizi tək qoymayacaqlar”. Apasport.az saytının məlumatına görə, bu sözlər Almaniyanın “Şviriner” voleybol klubunun kapitanı Culiya Raklaffa məxsusdur.

Bu gün “Çelenc Cup” turnirinin 1/4 final mərhələsində Azərbaycan Super Liqasının gümüş mükafatçısı “Lokomotiv” “Şviriner”in qonağı olacaq. İlk matçda 0:3 hesabı ilə uduzan almanlar cavab qarşılaşmasında revanş almağa çalışacaqlar.

Raklaffın sözlərinə görə, bu arzunu həyata keçirmək üçün azarkeşlərin dəstəyi vacibdir: “Rəqibimizə qələbəsində fanatları çox böyük kömək oldular. 2500 nəfər onları dəstəkləyirdi. Əla atmosfer yaratmışdılar. Bunun üçün biz meydanda, azarkeşlərimiz isə tribunada nəyə qadir olduğumuzu göstərməliyik. Çünki ilk növbədə qarşılaşmanı, ardınca “Qızıl set”i qazanmalıyıq. Fikrimcə, birlikdə bu arzumuzu həyata keçirəcəyik”.

Qeyd edək ki, “Şviriner” – “Lokomotiv” matçı bu gün saat 21:00-da start götürəcək.
0