“Mühərrik” işə düşmüşdü” - MÜSAHİBƏ
01.03.2011 - 13:53
“Mühərrik” işə düşmüşdü” - MÜSAHİBƏ
Bakının “Azərreyl” voleybol klubunun baş məşqçisi Vüqar Əliyevin apasport.az saytına müsahibəsi

- Komandanız sabah “Çelenc Cup” turnirində Finlandiyanın “Salo” klubu ilə vacib oyuna çıxacaq. İlk görüşdə 3:2 hesabı ilə qələbə qazansanız da, rəqib Bakıda sensasiya edə bilər. Yetirmələriniz oyuna hazırdırlarmı?
- Biz bu gün hazırlığı yekunlaşdıracağıq. Komandanı oyuna tam hazır hesab edirəm. İnanıram ki, sabah azarkeşlərimiz ifamızda əla oyun izləyəcəklər. Səfərdəki qarşılaşma ilə müqayisədə bu dəfə rəqibə 1 set olsun uduzmayacağıq. 3:0 hesablı qələbə planlaşdırırıq. Qızlarla söhbət etmişəm və bir daha onlara bunu təkrarlayacağam. Çünki əla heyətimiz var və biz xalqımızı sevindirməyə borcluyuq.

- Amma Finlandiyada heç də asan qələbə qazanmadınız. Qələbə qazansanız da, 2 dəfə hesabda geri düşdünüz…
- Düzdür. Yetirmələrimin görüşə arxayın çıxması rəqibin sevinməsinə imkan yaratdı. Biz 1 gün əvvəl “Salo”nun məşqini izlədik və qızlarda belə bir inam yarandı ki, onların heyətində yalnız 1 voleybolçu var. O da Virdjiniya De Karnedir. Bu səbəbdən arxayınçılığın qurbanına da çevrilə bilərdik. Yetirmələrim fikirləşdilər ki, əsas qüvvəmizi yarımfinala və Super Liqaya saxlayaq. Bunları asanlıqla da məğlub edə bilərik. Qarşılaşmanın əvvəlində komanda demək olar “yatmışdı”. Yalnız Valeriya Korotenkonun oyunundan razı qaldım. Götürdüyüm texniki fasilələrdə sonra isə yetirmələrimi döyüşkən vəziyyətə gətirə bildim. Çox sağ olsunlar ki, onlar oyunlarında dönüş yaratdılar və 3:2 hesabı ilə qələbə qazandıq. Özü də qalib gəldiyimiz setlərdə rəqib bizdən ən çoxu 15 xal ala bildi. Bundan əlavə, meydan da bizim əleyhimizə işlədi. Çünki orada 50 xətt vardı. Həddindən artıq böyük meydanda voleybol, tennis, basketbol və digər oyunların xətlərini seçməkdə də çətinlik çəkirdik.

- Finlandiya mətbuatı isə Korotenkonun oyunundan çox yığmamızın da şərəfini qoruyan Polina Rəhimovanın qələbədə rol oynadığını vurğulayırlar. 21 yaşlı voleybolçumuz həqiqətən də səfərdə “Salo”nu məğlub etməkdə böyük pay sahibi olub?
- Polina sonradan özünə gəlməyi bacardı. Xüsusilə, həlledici setdə gözəl oyun nümayiş etdirdi. Mən də bunu görərək, toppaylayıcımıza ancaq ona ötürmə verməyi tapşırdım. Çünki “mühərrik” işə düşmüşdü və həmin gün onun günü idi. Hətta qarşılaşmadan sonra digər hücumçularımız mənə yaxınlaşaraq, niyə ancaq zərbələri vurmağı ona tapşırdığımın səbəbini də soruşdular. Mən bunu izah etdim və onlar da əsas qələbənin vacibliyini bildirdilər.

- Türkiyəli legioneriniz Natalya Hanıkoğlunun son matçlarda zədədən əziyyət çəkdiyi açıq-aşkar hiss olunur. Hazırda onun vəziyyəti nə yerdədir?
- Onun çiynindəki zədə əziyyət verməkdə davam edir. Bu “Salo” ilə oyunda da özünü göstərdi. Bunun üçün sabah yəqin ki, onu meydana buraxmayacağam. Natalyaya bir qədər istirahət verməyi planlaşdırıram. Çünki bizə yarımfinalda çox lazım olacaq. Fikrimcə, Rusiyanın “Uraloçka” komandası ilə qarşılaşacağıq. Burada onun təcrübəsindən lazımınca faydalanacağıq. Onun yerinə isə yeni transferimiz – slovakiyalı Martina Nosekovaya şans verəcəyəm. İstəyirəm ki, onun çətin oyunda özünü necə göstərəcəyini görəm.

- Yeri gəlmişkən, siz apasport.az saytına açıqlamanızda Rusiya əsilli, amma İsrail yığmasının üzvü İnessa Birman-Visotski ilə müqavilə bağlamağa yaxın olduğunuzu söyləmişdiniz. Amma o, sonda “Lokomotiv”də peyda oldu...
- Biz onu baxışa çağırmışdıq. Heyətimizə qatmaq fikrimiz də var idi. Lakin İnessa top qəbulunda, arxa zonada yaxşı təsir bağışlasa da, irəlidə gözlədiyim oyunu göstərə bilmədi. Düzdür, çox təcrübəlidir, hər komandaya kömək edə bilər. Amma o bizim taktiki sxemə uyğun gəlmədi. Bunun üçün də Martina Nosekova ilə anlaşdıq.

- “Çelenc Cup”la yanaşı, Azərbaycan Super Liqasında da çempionluq şansınızı saxlayırsınız. Maraqlıdır, rəhbərlik hər 2 cəbhədə qızıl medal qazanacağınız halda nə qədər pul mükafatı verəcəyini açıqlayıbmı?
- Komandamızın rəhbərliyi bizim üçün hər bir şərait yaradıb. Hazırda oteldə hazırlığımızı davam etdiririk. Yəni nə istəmişiksə, onu da yerinə yetiriblər. Biz də bunun qarşılığını verməliyik. Çünki “Azərreyl” Azərbaycanın 1 nömrəli komandasıdır. Rəhbərlik klubun əvvəlki şöhrətini qaytarmaq arzusundadır. Düzdür, ötən il “dəmiryolçular” üçün uğursuz olsa da, onların “Top-komandalar” kubokunu qazanması və Çempionlar Liqasının “Dördlər finalı”na yüksəlməsi Azərbaycan voleybolu üçün yenilik olmuşdu. Biz də bu ənənəni davam etdirməyə çalışırıq.

- Siz “Azərreyl”lə yanaşı, milli komandamızda da çalışırsınız. Yığmamızın sentyabrda start götürəcək Avropa çempionatının final mərhələsinə hazırlığı nə vaxtdan başlayacaq?
- Bu, baş məşqçimiz Faiq Qarayevin qərarından asılı olacaq. Mən hazırda bütün diqqətimi kluba yönəltmişəm. Yəqin ki, toplanışımız Azərbaycan və Rusiya çempionatları yekunlaşdıqdan sonra – yayda reallaşacaq. Çünki Super Liqada gərgin mübarizə gedir və əsas voleybolçumuz Moskva “Dinamo”sunda oynayır. Bu çempionatların qalibləri müəyyənləşdikdən sonra Faiq müəllim yığma üzvlərinə bir qədər istirahət verəcək. Bundan sonra isə məşqlərimiz başlayacaq.

- Komandamızın ənənəvi “Yeltsin kubokun”da oynayacağı dəqiqləşibmi?
- Bununla bağlı yekun sözü də Faiq Qarayev deyəcək. Yəqin ki, bu məsələyə tezliklə aydınlıq gələcək.
0