Azərbaycan İtaliyanın rekordunu təkrarladı!
03.03.2011 - 10:59
Azərbaycan İtaliyanın rekordunu təkrarladı!
Azərbaycan voleybolçuları İtaliya klublarının rekordunu təkrarlayıblar. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup” turnirində mübarizə aparan komandalarımız tarixi göstəriciyə imza atıblar.

Belə ki, 3 təmsilçimiz - “Lokomotiv”, “Azərreyl” və “İqtisadçı” turnirin yarımfinalına vəsiqə qazanıblar. Bu Azərbaycanda rekord olmaqla yanaşı, Avropada ən yüksək göstəricinin təkrarıdır.

Məsələ ondadır ki, 2000/2001-ci mövsümündə İtaliya da yarımfinalda 3 klubla təmsil olunmuşdu. Voleybolçularımız 10 illik rekordu təkrarlasa da, apenninlilərin fantastik göstəricisinə yalnız qarşıdakı matçlarda çata bilərlər. Belə ki, həmin vaxt Türkiyə “Beşiktaş”i ilə birlikdə yarımfinal “dördlüyü”nü təşkil edən italiyalılar “ağ-qaralar”ı mükafatçılar sırasından kənar qoymuşdular. Yarışın qızıl medallarına “Foppapedretti”yə qalib gələn “Viçenza”, bürünc medallarına isə İstanbul təmsilçisini məğlub edən “Peruca” layiq görülmüşdü.

Bu uğuru təkrarlamaq üçün komandalarımız Rusiya “Uraloçka”nı mükafatsız qoymalıdırlar. Çünki 1/2 finalda “İqtisadçı” “Lokomotivi”, “Azərreyl” isə “Uraloçka”nı sınağa çəkəcək.

Qeyd edək ki, 1980/1981 mövsümündən keçirilməyə başlayan yarış 2007-ci ilin yayına qədər CEV kuboku adlanıb. Həmin vaxtdan sonra isə adını dəyişərək “Çelenc Cup” olub. İndiki CEV kuboku isə 1972/1973 mövsümündə “Kuboklar kuboku”, 2000-2007-ci illərdə “Top komandalar” kuboku adlanıb. “Azərreyl” 2001/2002-ci illər mövsümündə məhz bu yarışın qalibi adını qazanıb.
0