Gözlənilən nəticələr - YENİLƏNİB
11.03.2011 - 19:03
Gözlənilən nəticələr - YENİLƏNİB
Bu gün voleybol üzrə Azərbaycan Super Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 10 turun yekununa əsasən turnir cədvəlində 3-6-cı yerlərdə qərarlaşan komandalar bir daha güclərini yoxlayıblar.

Meydana əvvəlcə “Lokomotiv” və “Bakı” çıxıblar. Matçın gərgin keçəcəyi proqnozlaşdırılsa da, bu belə olmayıb. İlk setdə 25:19 hesabı ilə qələbə qazanan “dəmiryolçular” növbəti hissəni rəqibdən 4 top öndə bitiriblər – 25:21. Son set isə Draqutin Baltiçin yetirmələri üçün daha asan keçib. Bütün komponentlərdə “Bakı”nı üstələyən “Lokomotiv” 25:15 hesabı ilə qalib gəlib və matçın yekun hesabını müəyyənləşdirib – 3:0.

Pley-off mərhələsinin digər görüşündə “Azərreyl” “Şirvan”la qarşılaşıb. Bu duel gözlənildiyi kimi, Vüqar Əliyevin yetirmələrinin asan qələbəsi ilə başa çatıb. Belə ki, “Azərreyl” 3 setdə 75 dəfə dəqiq zərbə vurduğu halda, Adnan Kistakın komandası cəmi 38 xala sevinib – 25:11, 25:13, 25:14.

Xatırladaq ki, final mərhələsində “Rabitə” və “İqtisadçı” rəqiblərini gözləyir. Bu isə pley-offda 2 qələbə qazanacaq 2 klub olacaq.

“Lokomotiv” – “Bakı” - 3:0 (25:19, 25:21, 25:15)

İlk 2 dövrədə aralarındakı oyunlar
“Lokomotiv” – “Bakı” - 3:1 (25:20, 20:25, 25:18, 31:29)
“Bakı” - “Lokomotiv” - 1:3 (13:25, 25:22, 24:26, 24:26)

“Azərreyl” – “Şirvan” - 3:0 (25:11, 25:13, 25:14)

İlk 2 dövrədə aralarındakı oyunlar
“Şirvan” - “Azərreyl” - 0:3 (21:25, 11:25, 12:25)
“Azərreyl” – “Şirvan” - 3:0 (25:20, 25:12, 25:16)
0