Olqa Ativi: Onlar həm səviyyəli, həm də təhlükəlidir
12.03.2011 - 00:02
Olqa Ativi: Onlar həm səviyyəli, həm də təhlükəlidir
“Rabitə” klubunun voleybolçusu Olqa Ativinin apasport.az saytına müsahibəsi

- “Dördlər finalı”na cəmi 7 gün qalıb. Yarımfinalda sizi İtaliyanın “Skavolini” klubu ilə gərgin oyunlar gözləyir. Toplanış necə keçir?
- Hər şey istədiyimiz səviyyədədir. Bizi qarşıda məsul oyunların gözlədiyini yaxşı başa düşürük. Məşqləri intensivləşdirmişik. Böyük səbirsizliklə final matçlarını gözləyirik.

- Hazırlıq müddətində yoxlama oyunları nəzərdə tutulubmu?
- Bəli. Bazar günü Kann şəhərinə gedib, yerli komanda ilə 2 yoxlama oyunu keçirəcəyik. Əlbəttə, belə güclü rəqiblərlə oyunlarda gücümüzü bir daha yoxlamaq daha məqsədəuyğundur.

- “Skavolini” “Rabitə”yə yaxşı tanışdır. İtaliya təmsilçisi ilə qrup mərhələsində qarşılaşmışıq və evdə qalib gəldiyimiz halda, səfərdə uduzmuşuq. Üçüncü dueldən hansı nəticəni gözləmək olar?
- “Skavolini” ilə oyunları yaxşı xatırlayırıq. Həmin görüşləri təhlil edib, buna uyğun məşqlər keçiririk. Sözsüz ki, italiyalılar çox güclüdürlər. Ancaq biz qələbə barədə düşünürük.

- Rəqibin oyununda hansı keyfiyyətləri qabartmaq olar?
- “Skavolini” sabit oyun nümayiş etdirən komandadır. Onlar çox sakit oynayırlar və matçın gedişində emosiyalarını cilovlaya bilirlər. Düzdür, bu amilin müsbət və mənfi tərəfləri də var. Məncə, “Rabitə”nin finala yüksəlmək şansı yüksəkdir.

- Yəqin ki, azarkeşlərin sizdən uğur gözlədiyini yaxşı başa düşürsünüz...
- Bacardığımızı maksimum ortaya qoymalıyıq. “Rabitə”nin heyətində usta voleybolçular çoxdur və bu heyətlə çox titul qazanmağa qadirik. Sadəcə, oyunlara tam konsentrasiya olmalıyıq. Komandada əla mühit formalaşıb və 12 voleybolçunun hamısı bir-birinə dəstək verir.

- Sizcə, “Skavolini”nin heyətində hansı oyunçunu daha təhlükəlidir?
- Hollandiyalı Manon Flier. Amma bütün oyunçuları həm səviyyəli, həm də və təhlükəlidir.

- Əgər finala yüksəlsəniz, “Fənərbaxça”, yoxsa “Vakıfbank Günəş Sığorta”lə qarşılaşmaq istərdiniz?
- İlkin mərhələdə əsas məqsəd finala yüksəlməkdir. Əlbəttə, “Fənərbaxça” daha güclüdür. Onlar artıq Türkiyə çempionatında “Vakıfbank Günəş Sığorta”nı 2 dəfə məğlub ediblər. Bu, onların gücündən xəbər. Amma bizim üçün rəqibin kim olmasının fərqi yoxdur. Əsas məqsədimiz Çempionlar Liqasının qalibi olmaqdır.
0