“Skavolini”nin prezidenti: Kuboku qazanıb, geri qayıdacağıq!
17.03.2011 - 12:00
“Skavolini”nin prezidenti: Kuboku qazanıb, geri qayıdacağıq!
“İstanbula 2 həftə öncə turist kimi gəlmişdim. Şəhəri gəzib, alış-veriş etdim və bir-birindən gözəl hədiyyələrlə qayıtdım. Amma bu dəfə İstanbula alver etməyə gəlməmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının yarımfinalında Azərbaycanın “Rabitə” klubunun rəqibi olacaq İtaliya “Skavolini”sinin prezidenti Giankarlo Sorbini deyib.

Bakının “Rabitə” komandasının ardınca Apennin təmsilçisi də “Dördlər finalı”nın keçiriləcəyi İstanbul şəhərinə gəlib. Martın 19-da Azərbaycan çempionu ilə qarşılaşacaq “Skavolini” rəhbərinin sözlərinə görə, onlar Türkiyədə keçirəcəkləri hər 2 matçı qələbə ilə başa vuracaqlar: “Düzdür, amerikalı voleybolçumuz Destini Huker zədəlidir. Amma onun yoxluğunda da 12 voleybolçumuz var. Bütün gücümüzü qoyub, qalib gəlmək arzusundayıq. Bunun üçün tam əminliklə deyə bilərəm ki, İstanbulda kuboku alıb geri qayıdacağıq”.

Qeyd edək ki, yarımfinalda rəqibimiz olacaq “Skavolini” seçmə mərhələdə də “Rabitə” ilə eyni qrupda yer almışdı. Dejan Brdjoviçin yetirmələri Bakıda italiyalıları məğlub etsə də, səfərdə uduzmuşdular.
0