Martın 19-20-də baş tutacaq “Dördlər finalı”nda ölkəmizi Bakının “Rabitə” komandası təmsil edəcək. Qrup və pley-off mərhələlərini uğurla adlayan voleybolçularımız turnirdən medalla qayıtmaq gücündədir. Artıq İstanbulda olan Bakı klubunun məşqçi və voleybolçu heyəti səfərə yollanmazdan öncə sonacan döyüşəcəklərini bildiriblər.
“Rabitə” çempion olarsa, 2 yeni rekord müəyyənləşdirə bilər. Belə ki, Dejan Brdjoviçin yetirmələri bu gün qarşılaşacaqları İtaliya “Skavolini”sinə qalib gələcəkləri halda, adlarını Azərbaycan voleybol tarixinə yazdıracaqlar. Çünki Bakının “Azərreyl” klubu Çempionlar Liqasının 2003/2004-cü illər mövsümündə “Dördlər finalı”da iştirak etməklə yeni tarix yazmışdısa, Tenerifedə keçirilən həlledici oyunlarda məğlubiyyətlə üzləşmişdi.
Lakin “Rabitə” yarımfinalda qalib gələcəyi halda belə mütləq rekordçu olacaq. Onlar bununla ən pis halda, gümüş medala ümid edəcəklər.
Bu azmış kimi, “Rabitə” Azərbaycan adını 1961-cu ildən keçirilən Çempionlar Liqasının (turnir 1961-2000-ci illərdə Çempionlar kuboku adlanıb) da tarixinə yazdıra bilər. Çünki indiyə kimi keçirilən yarışlarda cəmi 11 ölkənin klubları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Voleybolçularımız rəqiblərini məğlub edəcəkləri halda isə 12-ci olacaqlar.
Yeri gəlmişkən, ən çox medal qazanan ölkələrin siyahısına Rusiyanın sələfi sayılan SSRİ başçılıq edir. 20 ildir dağılmasına baxmayaraq, sabiq Sovetlər Birliyini qabaqlayan hələ ki, yoxdur. Onlar 22 dəfə qitənin ən güclüsü olublar.
SSRİ-ni 14 qızıl medalla isə İtaliya izləyir. Onların bu medallardan 13-ünü son 20 ildə, 6-sını isə son 6 mövsümdə qazanıblar. Bunun üçün sabah “Rabitə” – “Skavolini” görüşünün çətin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Çünki italiyalılar son zamanlar rusların hegemonluğuna son qoyublar. Rusiyanın “Dinamo” klubunu da məhz yarımfinalda “Rabitə”nin rəqibi “Skavolini”nin mübarizədən kənarlaşdırdığını nəzərə alsaq, onları “Dördlər finalı”nın favoriti adlandırmaq da olar.
Qeyd edək ki, “Skavolini” – “Rabitə” matçı saat 17:00-da start götürəcək.
Çempionlar Liqasının qalibi olan klublar
Klublar | Sayı | Çempion olduğu illər |
“Dinamo” M (SSRİ) | 9 | 1961, 1963, 1965, 1970, 1971, 1972, 1974, 1975, 1977 |
“Uraloçka” (SSRİ) | 8 | 1981, 1982, 1983, 1987, 1989, 1990 |
“Foppapedretti” (İtaliya) | 7 | 1997, 1999, 2000, 2005, 2007, 2009, 2010 |
MOİK (SSRİ) | 5 | 1966, 1967, 1968, 1969, 1986 |
“Ruda” (Çexoslavakiya) | 2 | 1976, 1980 |
MOİK (Bolqarıstan) | 2 | 1979, 1984 |
“Ravenna” (İtaliya) | 2 | 1988, 1992 |
“Parmalat Matera” (İtaliya) | 2 | 1993, 1996 |
“Uraloçka” (Rusiya) | 2 | 1994, 1995 |
“Kann” (Fransa) | 2 | 2002, 2003 |
“Peruca” (İtaliya) | 2 | 2006, 2008 |
“Levski” (Bolqarıstan) | 1 | 1964 |
“Nim-se” (Macarıstan) | 1 | 1973 |
“Traktor” (ADR) | 1 | 1978 |
“ADK Alma-Ata” (SSRİ) | 1 | 1985 |
“Mladost” (Yuqoslaviya) | 1 | 1991 |
“OK Dubrovnik” (Xorvatiya) | 1 | 1998 |
“Modena” İtaliya | 1 | 2001 |
“Tenerife ” (İspaniya) | 1 | 2004 |
“Burovestnik” (SSRİ) | 1 | 1962 |
Çempionluğa görə, ölkələrin siyahısı
Ölkələr | Sayı |
SSRİ | 22 |
İtaliya | 14 |
Bolqarıstan | 3 |
Çexoslovakiya | 2 |
Rusiya | 2 |
Fransa | 2 |
İspaniya | 1 |
Xorvatiya | 1 |
Yuqoslaviya | 1 |
Macarıstan | 1 |
ADR | 1 |