“Rabitə”nin finalda rəqibi “Vakıfbank Günəş Sığorta” oldu
19.03.2011 - 22:16
“Rabitə”nin finalda rəqibi “Vakıfbank Günəş Sığorta” oldu
Bu gün Türkiyənin İstanbul şəhərində qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na start verilib. Apasport.az saytının məlumatına görə, bu mərhələdə Azərbaycanı təmsil edən “Rabitə” yarımfinal görüşündə İtaliya “Skavolini”sini sınağa çəkib.

Oyuna fəal başlayan Dejan Brdjoviçin yetirmələri ilk setdə 25:23, ardınca 25:16 hesabı ilə qələbə qazanıb. Lakin bundan sonra öz oyununu tapan “Skavolini” hesab arasındakı fərqi azaltmağa müvəffəq olub – 2:1. Bu isə voleybolçularımızı ruhdan salmayıb və əzmkar oyun nümayiş etdirən “Rabitə” IV seti öz aktivinə yazmaqla Çempionlar Liqasının final mərhələsinə yüksəlib.

Qeyd edək ki, nüfuzuna görə qitənin ən mötəbər turnirində “wild card”la debüt edən Dejan Brdjoviçin yetirmələri qrup mərhələsində də “Skavolini” ilə 2 dəfə qarşılaşmışdı. Evdə rəqibi 3:1 hesabı ilə məğlub edən “Rabitə” səfərdə 2:3 hesabı ilə uduzsa da, italiyalıları qabaqlayaraq qrup mərhələsini lider kimi başa vurmuşdu.

“Rabitə”nin həlledici mərhələdə rəqibi isə Türkiyənin “Fənərbaxça” klubunu məğlub edən “Vakıfbank Günəş Sığorta” olub. Final oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

“Rabitə” – “Skavolini” - 3:1 (25:23, 25:16, 13:25, 25:14)
Hakimlər: Mariya Susana Rodriquez (İspaniya), Volker Şimenz (Almaniya)


“Fənərbaxça” - “Vakıfbank Günəş Sığorta” - 2:3 (25:19; 21:25; 25:21; 19:25; 11:15)
Hakimlər: Milan Labasta (Çexiya), Zoriça Bjeliç (Serbiya)
0