“Dünyanı gəzmək üçün hər ölkədə 1 il oynayıram”
19.03.2011 - 12:01
“Dünyanı gəzmək üçün hər ölkədə 1 il oynayıram”
“Mən burada qızlarla çox yaxşı vaxt keçirirəm. Amma buna baxmayaraq, indidən növbəti mövsümün planlarını cızmağa başlamışam”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İqtisadçı” klubunun voleybolçusu Tayibu Xaneef-Park deyib.

Universitet komandasının amerikalı legioneri mövsümün sonunda ölkəmizi tərk edə bilər. Buna səbəb isə Super Liqanın ən hündürboylu voleybolçusunun indiyə kimi çıxış etdiyi komandalarda cəmi 1 il çıxış etməsidir. Xaneef-Parkın sözlərinə görə, onun tez-tez klubunu dəyişməsi müxtəlif ölkələrdə olmaq istəyi ilə bağlıdır: “Dünyanı gəzməyi çox xoşlayıram. Bunun üçün hər il 1 ölkədə və yeni komandada çıxış edirəm. Amma Azərbaycan karyerama nə vaxt son qoyacağımla bağlı indidən nəsə deməyə çətinlik çəkirəm. Çünki burada qalıb-qalmayacağım sonda dəqiqləşəcək”.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Pekin Olimpiadasının gümüş mükafatçısının Avropada ilk peşəkar komandası “Kerdisa Reggio” (İtaliya) olub. 2002/2003-cü illərdə Apennin yarımadasında çıxış edən Xaneef-Park növbəti mövsümdə Asiyaya üz tutub. 1 il orada “Takefuji Bamboo” klubunun şərəfini qoruyan amerikalı legioner yenidən “köhnə qitə”yə qayıdıb. 2006/2007-ci illərdə Rusiya “Kazanoçka”sında çıxış edib. Burada da 1 il oynadıqdan sonra Türkiyənin “Əczaçıbaşı” komandasına gedib. Maraqlıdır ki, o, qardaş ölkədə də cəmi 1 il qərar tutub və 2008-ci ildə yenidən Yaponiyaya qayıdıb.
0