Təbriklər “Rabitə” - YENİLƏNİB
20.03.2011 - 21:21
Təbriklər “Rabitə” - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropanın ən mötəbər klub turnirinin final görüşündə Bakının “Rabitə” klubu Türkiyənin “Vakıfbank Günəş Sığorta” komandası ilə qarşılaşıb.

Təəssüf ki, yarımfinalda İtaliya “Skavolini”sinə 3:1 hesabı ilə qalib gələn Dejan Brdjoviçin yetirmələri bu dəfə məğlubiyyətlə üzləşiblər. Belə ki, matçın ilk setindən üstünlüyə yiyələnən “Vakıfbank Günəş Sığorta” bunu sonacan davam etdirib. Yerli azarkeşlərin dəstəyindən ruhlanan türklər komandamıza I hissədə 25:13, ardınca 25:20 hesabı ilə qalib gəliblər. Voleybolçularımız III setdə oyunda dönüş yaratmaq istəsələr də, rəqib buna imkan verməyib. Bu dəfə 25:18 hesabı ilə qələbə qazanan “Vakıfbank Günəş Sığorta” Çempionlar Liqasının 2010/2011 mövsümünü çempion kimi başa vurub. “Rabitə” isə gümüş medala sahib olub.

Lakin Dejan Brdjoviçin yetirmələri məğlub olsalar belə, bu bizim üçün böyük uğurdur. Çünki Azərbaycan klublarından indiyə kimi Çempionlar Liqasında medal qazanan komanda olmayıb.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə “Fənərbaxça” və “Skavolini” mübarizə aparıblar. Oyuna italiyalılar fəal başlasalar da, bunu davam etdirə bilməyiblər. İlk setdə 12:25 hesabı ilə uduzan “sarı mərəklər” qarşılaşmada dönüş yarada biliblər. Onlar ardıcıl 3 hissədə eyni - 25:21 hesabı ilə qələbə qazanaraq, bürünc medallara layiq görülüblər.

3-cü yer uğrunda
“Fənərbaxça” - “Skavolini” - 3:1 (12:25, 25:21, 25:21, 25:21)

Final
“Vakıfbank Günəş Sığorta” - “Rabitə” -3:0 (25:13, 25:20, 25:18)

0