“Onlar bunu hətta dünya çempionluğuna bərabər tuturlar”
28.03.2011 - 23:02
“Onlar bunu hətta dünya çempionluğuna bərabər tuturlar”
“Azərbaycan Super Liqasında onları 2 dəfə məğlub etsək də, rəqibə çox ciddi yanaşırıq. Çünki biz Avrokuboku çempion kimi başa vurmaq istəyirik”. Bunu apasport.az saytına açıqlamasında Bakının “Azərreyl” voleybol klubunun baş məşqçisi Vüqar Əliyev deyib.

Gənc çalışdırıcı bu gün “Çelenc Cup” turnirinin final mərhələsinin ilk matçında “Lokomotiv”lə keçiriləcək oyuna münasibət bildirib. Əliyevin sözlərinə görə, hər 2 komandanın çempion olmaq şansı bərabərdir: “Şanslarımız bərabərdir. Başa düşürəm, biz bu mərhələyə kimi hələ məğlub olmamışıq. Amma yetirmələrimə də tapşırmışam ki, arxaya boylanmaq düzgün deyil. Çünki qar yağdı, sonra günəş onu əritdi. Artıq final oyunları barədə fikirləşirik. Bizim üçün qələbə seriyasının qırılması da əhəmiyyət kəsb etmir. 1 oyunda uduzmağımızı isə sensasiya kimi qiymətləndirməyəcəyik. Əsas odur ki, sonda çempion olaq. Amma rəqibin “Azərreyl”lə oyuna ciddi hazırlaşmasını da vurğulamalıyam. Mən onlarla zalda hazırlıq zamanı bəzən rastlaşıram. Hətta deyərdim, “Lokomotiv”in voleybolçularının gözlərindən də qələbə qazanmaq arzusunu oxumaq olur”.

Əliyev bildirib ki, “Lokomotiv”in əsas arzusu “Çelenc Cup” turnirini çempion kimi başa vurmaq olsa da, “Azərreyl” də bunu hədəfləyib: “Draqutin Baltiçin yetirmələri son oyunlarda yaxşı çıxış edirlər. Bütün diqqətlərini məhz bu turnirə yönəldiblər. Onların əsas məqsədləri “Çelenc Cup”ı qalib kimi başa vurmaqdır. Mən deyərdim ki, onlar bunu hətta Avropa, dünya çempionluğuna bərabər tuturlar. Sözsüz ki, bizim də hədəfimiz birinci olmaqdır. Bu, bizim komanda üçün belədir. 12 ildir məşqçilik edirəm. Təcrübəli mütəxəssis Faiq Qarayevlə birgə çalışmışam. Fikrimcə, finalda hansı klub daha istəkli olsa, onlar da qalib gələcəklər. Mən yarımfinalda “İqtisadçı” – “Lokomotiv” matçından öncə “dəmiryolçular”ın finala çıxacağını bildirmişdim. Hələlik proqnozlarım düz çıxır. Lakin finalla bağlı nəsə demək çətindir. Bu sondur. Artıq heç bir komandanın itirməyə nəyisə qalmayıb. Bunun üçün hər 2 klub bütün gücünü ortaya qoyacaq. Bizim voleybolçular rəqibə nisbətən təcrübəli və güclü olsalar da, “Lokomotiv”in Nansi Metkalf kimi aparıcı lideri var. Amma bunlara baxmayaraq, inanıram ki, sonda sevinən tərəf biz olacağıq”.

Qeyd edək ki, “Lokomotiv” – “Azərreyl” arasında ilk oyun saat 18:00-da start götürəcək.
0