“Yaxşı voleybolçu çətinliklərə dözməlidir”
29.03.2011 - 16:19
“Yaxşı voleybolçu çətinliklərə dözməlidir”
Azərbaycan yığmasının və “Skavolini” klubunun voleybolçusu Natəvan Qasımovanın apasport.az saytına müsahibəsi

- 2 aydır “Skavolini”yə transfer olunsanız da, debütünüz 2 gün öncəyə təsadüf etdi. Kubok matçında meydana çıxacağını gözləyirdinizmi?
- Bura gəldikdən sonra hər matça hazır idim. Oyunlardan öncə də məşqçim hazır olmağımla bağlı tapşırıq verirdi. Amma çempionatda bir qədər çətin görüşlər olduğundan, risk etmirdi. Bu dəfə isə “hazır ol” dedikdən sonra meydana buraxdı və mən də özümü göstərmək imkanı qazandım.

- Debütünüzü necə dəyərləndirərdiniz?
- Fikrimcə, pis alınmadı. Yaxşı oynadım.

- “Skavolini” ilk görüşdə “Pyaçentsa”nı 3:0 hesabı ilə məğlub etmişdi. Bəlkə 2 setdən sonra sizin oyuna çıxmağınız artıq növbəti mərhələyə yüksəlməyinizdən irəli gəlirdi?
- Belə də demək olar. Çünki heyətimizin əsasını gənclər təşkil edirlər. Məşqçimiz də hamımızı bu matçda yoxlamaq istədi.

- Bəs çalışdırıcınız Paolo Tofoli görüşdən sonra oyununla bağlı sizə nəsə dedimi?
- Qarşılaşmanın səhəri gün iclas oldu. Orada dedi ki, hər birinizdən razıyam. Mənim ilk oyunum idi və yaxşı alındığını bildirdi.

- Komandanızda İtaliya, Hollandiya, ABŞ və Xorvatiya yığmalarının aparıcı voleybolçuları cəmləşiblər. Onlarla rəqabət aparmaq çətin deyil ki?
- Onların hər biri ilə gözəl münasibətdəyəm. Komandamızda ayrı-seçkilik yoxdur. Hamıya eyni gözlə baxılır. Rəqabətə gəlincə, buna davam gətirə bilməsəydim “Skavolini”yə transfer olunmazdım. İnanıram ki, hər şey yaxşı olacaq.

- Amma nəzərə alaq ki, heyətinizdəki voleybolçulardan öyrəniləsi şeylər də az deyil...
- Təbii ki, biz burada bir ailəyik. Hamı bir-birinə kömək edir. Heyətimizdə ən yaşlı voleybolçu 1984-cü il təvəllüdlüdür. Buna görə də hər bir hazırlığı məşqçimiz özü keçir. Amma digər təcrübəli voleybolçulardan da nəsə məsləhət alanda, heç bir problem olmur.

- Azərbaycanda “Azərreyl” və “Şirvan”da çıxış etmisiniz. Bu komandalarla “Skavolini”nin məşqlərində hansısa ciddi fərq varmı?
- Əlbəttə, əsasən də texniki hazırlıqda. Burada fiziki məşqlərdə də başqa cür işləyirik.

- Necə fikirləşirsiniz, İtaliya A seriyasında oynamağınız yığmada əsas heyətdə yer almağınıza imkan verəcəkmi? Yəni, sizin mövqeyinizdə çıxış edən milli komandamızın kapitanı Oksana Parxomenko ilə rəqabətə hazırsınızmı?
- Bu barədə nəsə deyə bilmərəm. Amma Oksananın boyu hündürdür və blokda da yaxşı çıxış edir. Bundan əlavə, onun təcrübəsi də məndən çoxdur. Bütün bunlar onun üstünlükləridir. Amma İtaliyada oynamağım mənim üçün böyük təcrübədir. Həftədə 1 və ya 2 dəfə oyunların keçirilməsinin mənim üçün faydalıdır. Bakıda isə tam fərqli idi. Düzdür, artıq 1 ildir yüksək səviyyədə çempionat keçirilir. Lakin burada məşqlərdə də böyük təcrübə qazanmağı bacarırsan.

- Bəs orada keçirilən belə gərgin hazırlıqlar sizdə hansısa problem yaratmır ki?
- Yox. Belə hallar olmur. Məşqlər dedikdə Azərbaycanda da bunu edirdik. Düzdür, arada psixoloji yorğunluq olur. Amma bunu aradan qaldırmaq üçün 1 gün istirahət verirlər. Digər tərəfdən də yaxşı voleybolçu olmaq üçün çətinliklərə dözməlisən.

- Sizin “Skavolini”yə keçidiniz gözlənilmədən baş verdi. Ola bilərmi ki, Pesaro təmsilçisinin heyətinə və ya digər A seriyasının klublarına azərbaycanlı voleybolçuların keçidi baş tutsun? Hansısa oyunçumuz barəsində sizdən məlumat alıblarmı?
- Əlbəttə ola bilər. Məndən voleybolçularımız haqda nəsə soruşmasalar da, yəqin ki, mövsüm bitdikdən sonra olar. Niyə də olmasın? Hər bir voleybolçumuz İtaliyada oynaya bilərlər.

- “Skavolini”nin Çempionlar Liqasında zəif çıxışını nə ilə əlaqələndirərdiniz? Yekunda 4 komanda arasında 4-cü oldunuz...
- Bu, Pesaroda ciddi problemlə qarşılanmadı. Düzdür, iradlar oldu. Amma ki, “Skavolini” üçün “Dördlər finalı”na yüksəlməyin özü bir uğur idi. Onlar qrup mərhələsində yaxşı oynasalar da, “dördlüy”ə düşə bilmirdilər. Məhz bu səbəbdən də böyük uğurdur. Hamı da komandanı təbrik etdi və “çox sağ ol” dedi. Həmçinin, komandanın prezidenti və vitse-prezidenti də bizdən razılıq etdi. Problem olmadı.

- “Skavolini”nin heyətində İstanbula getmişdin. Burada Pesaro təmsilçisinin, yoxsa “Rabitə”nin çempion olmasını istəyirdin?
- Düzünü deyim ki, doğma klubuma azarkeşlik edirdim. Oraya yollanarkən “Skavolini”nin qalib gələcəyinə inanırdım. Çünki “Rabitə”yə Bakıda uduzsalar da, İtaliyada qələbə qazanmışdılar. “Rabitə” yaxşı oynadı və finala yüksəldi. Bundan sonra isə “Rabitə”nin qalib olmasını arzulayırdım. Amma təəssüf ki, onlar da uduzdular.

- Bəs İtaliyada hansı dildə danışırsınız? Bu sizdə problem yaratmır ki?
- Artıq yox. Çünki italyanca voleybola aid sözləri başa düşürəm. Digər yerlərdə isə ingilis dilindən istifadə edirəm.

- Apennin yarımadasını necə gəzməyə vaxt tapırsınızmı?
- Burada gəzməli yerlər çoxdur. Şəhərin mərkəzində qalıram və gəzintiyə də çıxıram.

- Sizi tanıyan olurmu?
- Əlbəttə, azarkeşlərimiz tanıyırlar. Dəfələrlə deyiblər ki, “hə, siz “Skavolini”yə yeni gəlmisiniz”. Çox mədəni şəhərdir və insanları da mehribandırlar.

- “Skavolini”də Avro-2012-nin final mərhələsində milli komandamızla eyni qrupda yer alan İtaliya və Xorvatiya yığmalarının voleybolçuları yer alırlar. Sentyabrda start götürəcək mundialla bağlı fikir mübadiləsi aparırsınızmı?
- Düzdür, heyətimizdə italiyalıların və xorvatların 2 oyunçusu var. Liberomuzu da əsas komandaya cəlb edəcəklər. Avropa çempionatından söz düşdükdə sizlə eyni qrupdayıq deyirlər. Kimin qalib gələcəyi ilə bağlı danışıqlar isə getmir.

- Bəs Tunc Afşarla toyunuz nə yerdə qaldı? Vaxtı dəqiqləşibmi?
- İnşallah, mövsüm yekunlaşdıqdan sonra bir vaxt təyin edəcəyik.

Tahir HÜMMƏTOV
0