Milli komandamızı İstanbula çağırdılar
01.04.2011 - 12:17
Milli komandamızı İstanbula çağırdılar
Basketbol üzrə Azərbaycan yığması Türkiyədə keçiriləcək beynəlxalq turnirə dəvət alıb. Bu barədə məlumatı apasport.az saytına milli komandamızın meneceri Ləvənt Türknaz verib.

Onun sözlərinə görə, qonşu ölkədə 29 aprel – 9 may tarixlərində keçiriləcək yarışda basketbolçularımızla yanaşı, Türkiyənin II divizionun və bir neçə ölkənin komandasının mübarizə aparacağı gözlənilir. Türknaz bildirib ki, turnirdə iştirak edib-etməyəcəyi gələn həftə dəqiqləşəcək: “Bu yarış İstanbulda ənənəvi keçirilir. Biz dəvət alsaq da, hələ ki iştirakımızı təsdiqləməmişik. Çünki Gənclər və İdman Nazirliyi yollanmağımıza qərar versə, səfərə gedəcəyik”.

Komandamız yarışda mübarizə aparacağı halda, yığmamızın 2 basketbolçusunun oyunu menecerlər tərəfindən izləniləcək. Türknazın sözlərinə görə, Renat Urazayev və Bəxtiyar Ələkbərov Türkiyə klublarının maraq dairəsindədir: “Bizə Türkiyənin bir neçə universitetindən 1994-cü il təvəllüdlü bu idmançılar üçün təkliflər gəlib. Ola bilsin ki, Urazayev və Ələkbərov karyeralarını çempionatda mübarizə aparan ali məktəblərin klublarında davam etdirsinlər. Çünki onlar bu uşaqların orada pulsuz təhsil almalarını da öz boyunlarına götürürlər. Əgər İstanbula yollansaq, menecerlər bir daha hər 2 basketbolçunun oyunlarını izləyəcək”.
0