Azərbaycan çempionatının təqvimində dəyişiklik edildi
06.04.2011 - 14:03
Azərbaycan çempionatının təqvimində dəyişiklik edildi
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təqvimində dəyişiklik edilib. Bu barədə apasport.az saytına Voleybol Federasiyasının yerli yarışlar üzrə koordinatoru Oqtay Musayev məlumat verib.

Onun sözlərinə görə, mayın 6-8-də “Sərhədçi” Olimpiya Mərkəzində cüdo üzrə Qran-pri turniri keçiriləcəyindən final mərhələsinin oyunlarını bir qədər qabağa çəkiblər. Belə ki, ilk oyunlar aprelin 15-17-də Mingəçevirdə keçiriləcək. Bu şəhərə artıq səfər edən Musayev bildirib ki, görüşlərin keçiriləcəyi məkanla və otellərlə tanış olub: “İlk oyunlarımız üçün demək olar ki, hər şey hazırdır. Qarşılaşmalar “Kür” avarçəkmə bazasında olacaq. Burada hər bir şərait var. Fikrimcə, Mingəçevirə səfər voleybolçular üçün də maraqlı olacaq. Matçlarını təqvimi isə təsdiqləndikdən sonra həftə ərzində açıqlanacaq”.

İlk 3 turun ardınca komandalar Masallıya yollanacaqlar. Burada Olimpiya Kompleksində baş tutacaq görüşlər aprelin 22-24-də olacaq.

Azərbaycan çempionunun adı isə nəzərdə tutulduğu kimi, mayın 8-də deyil, 3-də müəyyənləşəcək. Belə ki, mayın 1-3-də “Sərhədçi” Olimpiya Mərkəzində təşkil ediləcək oyunlarla Super Liqanın 2010/2011-ci il mövsümünə yekun vurulacaq.

Qeyd edək ki, final mərhələsində Bakının “Rabitə”, “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı” komandaları mübarizə aparacaqlar.
0