“Azərbaycan Super Liqası hər bir voleybolçunun oynamaq istədiyi yarışdır” - FOTO
07.04.2011 - 18:03
“Azərbaycan Super Liqası hər bir voleybolçunun oynamaq istədiyi yarışdır” - FOTO
“Həqiqətən çox xoşbəxtəm. Sevincimin həddi-hüdudu yoxdur. Komanda yoldaşlarım hamısı ürəklə oynadılar və “Çelenc Cup”ı çempion kimi başa vurduq”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Azərreyl” klubunun voleybolçusu Polina Rəhimova deyib.

Yığmamızın da şərəfini qoruyan gənc hücumçu Türkiyənin voleybolmagazin.com saytına müsahibə verib. O, həmkarlarımızla söhbətində bildirib ki, “Çelenc Cup”ı qazanan “dəmiryolçular”ın növbəti hədəfi Azərbaycan Super Liqasının qalibi olmaqdır: “Hər bir klub istirahət edəndə biz məşqlərə başladıq. Klubumuzun prezidenti Cavid Qurbanov komandamız üçün gözəl şərait yaradıb və müxtəlif ölkələrdə təlim-məşq toplanışı keçməyimizi təmin etdi. Biz də bu kuboku qazanmaqla ona təşəkkürümüzü bildirdik. Növbəti arzumuz isə Azərbaycan çempionu olmaqdır. Bunu da ona hədiyyə edəcəyik”.

Rəhimova son illərdə Azərbaycanda voleybolun inkişafının səbəbini də açıqlayıb: “Bizim idmanı çox sevən prezidentimiz var. Azərbaycanda sadəcə voleybol deyil, bütün idman növlərinə diqqət ayrılır, idman kompleksləri inşa edilir. Bunun üçün bütün növlərdə uğurlarımızı hamı görəcək. Prezidentimiz cənab İlham Əliyev və hörmətli xanımı Mehriban Əliyeva “Çelenc Cup”da final oyunumuzu izləməklə də bizə sevinc bəxş etdi. Ölkə olaraq idmanı sevən prezidentimiz olduğu üçün çox şanslıyıq. Biz də onun ümidlərini doğrultmaq üçün uğur qazanmalıyıq. Bunun üçün isə var gücümüzlə çalışırıq”.

“Azərreyl”in aparıcı voleybolçusunun mayın sonunda klubla müqaviləsi sona çatır. Lakin Rəhimova bildirib ki, hələ xarici komandalara transfer olunmaqda tələsmir: “Sözün düzü, transferimlə menecer şirkəti məşğul olur. Amma müqaviləmin müddətinin bitməsinin mənim üçün elə də böyük əhəmiyyəti yoxdur. Mən Azərbaycana könüldən bağlıyam. Bu günümə çatmağımda isə Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov və yığma komandada baş məşqçimiz Faiq Qarayevin böyük əməyi var. Qarşıda bizi Avropa çempionatı gözləyir. Burada lazımı nəticə qazanacağımıza inanıram. Hazırda Azərbaycan Super Liqası isə dünyada hər bir voleybolçunun oynamaq istədiyi yarışdır. Təbii ki, mən də transfer olunaraq, fərqli mədəniyyəti olan ölkələrdə çıxış etmək istəyirəm. Amma bununla bağlı nəsə danışmağım tezdir. Nə vaxt məsləhət olarsa, o vaxt da təklifləri nəzərdən keçirəcəyəm. Hazırda isə əsas diqqətim Azərbaycan çempionatına yönəlib. Sonra bir qədər istirahət edib, yığma komanda ilə hazırlığa başlayacağam”.
0