“Azərbaycanda oynayan voleybolçuların gücünə yaxşı bələdəm”
08.04.2011 - 13:15
“Azərbaycanda oynayan voleybolçuların gücünə yaxşı bələdəm”
Bakının “Lokomotiv” voleybol klubunun baş məşqçisi Draqutin Baltiç mayın 10-da Bolqarıstan milli komandasında rəsmi fəaliyyətə başlayacaq. Apasport.az saytının məlumatına görə, sloveniyalı mütəxəssis Azərbaycan Super Liqasının final mərhələsi bitdikdən sonra ölkəmizi tərk edəcək. O, yeni komandasına yollanmamızdan öncə isə Bolqarıstan mətbuatına müsahibə verib. Baltiç həmkarlarımızla söhbətdə yığmaya necə dəvət olunduğunu və gələcək planlarından danışıb.

- Bolqarıstan Voleybol Federasiyası ilə əlaqələr necə quruldu?
- Onlar özləri mənimlə əlaqə yaratdılar və məni milli komandaya dəvət etdilər. Nəticədə biz müzakirələr apardıq və Bolqarıstan üçün lazımı proqramı seçdik. Bunun üçün də uzunmüddətli müqaviləyə razılaşdıq.

- 3 illik müqavilə bağladınız. Bolqarıstana hansı məqsədlərlə gələcəksiniz?
- Mənim gəlişimin məqsədi maksimum nəticə qazanmaqdır. Bu mövsümdən söhbət gedirsə, biz “Qran-pri turnirinə vəsiqə qazanmağa çalışacağıq və Avropa çempionatında 4 və ya 6 komanda sırasına daxil olmağı planlaşdırırıq. Digər əsas məqsəd London Olimpiadasının təsnifat mərhələsinin II və ya III mərhələsinə yüksəlməkdir. Noyabrda ilk mərhələdə yalnız Avropa komandaları iştirak edəcək. Biz II mərhələyə yüksəlmək üçün 1-ci və ya 2-ci yeri tutmalıyıq. Bunu kiçik Avropa çempionatı da adlandırmaq olar – Rusiya, Polşa, İtaliya... Bunlar arasında ilk 2 yerdə qərarlaşmaq vacibdir. Qrup qalibi birbaşa Olimpiadaya vəsiqə qazanır, II yeri tutacaq yığma isə gələn ilin mayında Asiya təmsilçisi ilə qarşılaşmaq hüququ qazanacaq. Fikrimcə, oradan Olimpiadaya düşmək daha asan olacaq.

- Bu çox yaxşı səslənir. Lakin hesab etmirsiniz ki, bu həddindən artıq optimist fikirdir?
- Bu nəsil çox istedadlıdır. Bundan başqa, bu mövsümdə bolqarıstanlı voleybolçular öz komandalarında daim əsas heyətdə yer alırlar. Bu o deməkdir ki, onlar ötən illə müqayisədə daha çox inkişaf ediblər. Ona görə də hesab edirəm ki, bu məqsədlərə çatmaq olar.

- Yığmanın hansısa üzvlərini daha yaxşı tanıyırsınızmı?
- Əsasən bu mövsüm Azərbaycanda oynayan bolqarıstanlı voleybolçuların gücünə yaxşı bələdəm. Belə ki, Mariya Flipova, Kremena Kamenova, Tanya Sabkova, İliana Petkova, Aneliya Paşina, Yeva Tsvetanova və Tsvetelina Zarkova mənə yaxşı tanışdır. Bunlardan əlavə, Straşimira Filipova, Dobriana Rabadjiyeva və Elisa Vasileyanın da oyunlarını görmüşəm. Həmçinin, Rusiya MOİK-i ilə “Mariça”nın görüşünü izləmişəm və orada da istedadlı voleybolçuların olduğunu deyə bilərəm.

- Bəs komanda mövsümün startı üçün neçə gün hazırlaşacaq?
- Maksimum 10 gün.

- Siz Bolqarıstan yığmasında baş məşqçisi kimi rəsmi fəaliyyətə nə vaxt başlayacaqsınız?
- Mayın 10-da Bolqarıstana gələcəyəm. Təklif etmişik ki, aprelin 20-nə kimi köməkçim Petr Doçev yerli çempionat oyunlarını izləsin. Avropa Liqasında iştirak isə qitə çempionatı ərəfəsində əsas heyət haqqında təəssürat yaradacaq. Planlarımıza görə, mayın 10-20 tarixində 2 mərhələdən ibarət hazırlıq keçəcəyik. Bu müddətdə yoldaşlıq görüşü də planlaşdırırıq.
0