Rəşad Yazıçıoğulları: Bu, çox üzücü idi - MÜSAHİBƏ
15.04.2011 - 13:24
Rəşad Yazıçıoğulları: Bu, çox üzücü idi - MÜSAHİBƏ
Bakının “İqtisadçı” voleybol klubunun sabiq baş məşqçisi Rəşad Yazıçıoğullarının apasport.az saytına müsahibəsi

- Hazırda nə işlə məşğulsunuz?
- “İqtisadçı”dan ayrıldıqdan sonra işsizəm. İstirahət edirəm. Amma artıq növbəti mövsümdən istirahətə son qoymağı planlaşdırıram.

- Bakı klubu ilə dekabrda vidalaşdığınızdan, mövsümün II dövrəsində çalışa bilərdiniz. Bu müddətdə təkliflər gəlibmi?
- Düzdür, xidmətimdə maraqlı olanlar var idi. Lakin belə qərara gəldim ki, hər şeyə startdan başlayım.

- Növbəti mövsümdə Azərbaycanda çalışmaq variantınız varmı?
- Harada çalışacağımla bağlı menecerlərim məşğuldur. Yəni təkliflər var. Bu, Türkiyə və ya Azərbaycan klubları da ola bilər. Yenidən niyə də ölkənizdə işləməyim? Burada heç bir problem yoxdur. Oradan hansısa problemlə ayrılmamışam ki...

- “İqtisadçı”da sizi əvəzləyən Jan De Brandtı “Beşiktaş” baş məşqçi postunda görməyi planlaşdırır. Bəlkə yenidən universitet komandasına qayıdasınız?
- Azərbaycanda çalışmaq variantlarım var. Amma inan ki, bu, “İqtisadçı” deyil. Çünki oradan mövsümün ortasında ayrılmışam. Yeni mövsüm üçün hər şey ola bilər. Yəni bir müddət sonra qərarımı verəcəyəm.

- Artıq Azərbaycan Super Liqası da yekunlaşır. Final mərhələsində Bakının “Lokomotiv”, “Rabitə”, “Azərreyl” və “İqtisadçı” klubları bir daha yarışacaqlar. Çempionluqla bağlı proqnozlarınızı bilmək maraqlı olardı...
- Super Liqasının qalibi olmağa 3 namizədim var. Bunlar “Rabitə”, “Azərreyl” və “İqtisadçı” klublarıdır. Amma bu çətin mərhələdən hansının qalib ayrılacağını deməkdə çətinlik çəkirəm. Fikrimcə, “Rabitə” Çempionlar Liqasının “Dördlər finalı”ndan sonra da öz oyununu tapa bilərsə, qızıl medallara yiyələnəcək. Amma “Azərreyl”in də güclü olduğunu vurğulamalıyam. Bununla yanaşı, “İqtisadçı”dan da çempionluq gözləməyə dəyər.

- Rəşad bəy, siz yalnız “Lokomotiv”in adını çəkmədiniz. Amma nəzərə almaq lazımdır ki, “İqtisadçı”nın məhz “Çelenc Cup”da finala gedən yolunu “dəmiryolçular” kəsdilər...
- Düzdür. Amma Avrokubok oyunları bir qədər fərqlənir.

- Yeri gəlmişkən, siz çempionluq söz vermişdiniz. Lakin sona kimi klubda qalmadınız. Sabiq komandanızın “Çelenc Cup”da finala çıxa bilməməsini necə qarşıladınız?
- Bu, çox üzücü idi. Təəssüflər olsun. Biz mövsümün əvvəlində komandanı yenidən qurarkən əsas hədəfimiz məhz final idi. Lakin belə alındı. Amma növbəti illərdə onların bunu bacaracağına inanıram. Çünki Azərbaycanda voleybol inkişafdadır və komandaları Avropada da öz güclərini göstərdilər. “İqtisadçı”ya və Super Liqanın final mərhələsində qüvvəsini sınayan bütün klublara uğurlar arzulayıram.

Tahir HÜMMƏTOV
0