“Lokomotiv” və “Azərreyl”dən inamlı start - YENİLƏNİB
18.04.2011 - 19:38
“Lokomotiv” və “Azərreyl”dən inamlı start  - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinin I turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələnin açılışı son mövsümün qızıl və gümüş mükafatçıları - “Rabitə” – “Lokomotiv” qarşılaşması ilə start götürüb.

Görüşün favoriti Dejan Brdjoviçin yetirmələri hesab olunsa da, onlar “Çelenc Cup” finalçısının növbəti sürprizi ilə qarşılaşıblar. Belə ki, ilk 2 hissədə rəqibinə çətin anlar yaşadan “Rabitə” sonradan təşəbbüsü “dəmiryolçular”a verib. Nəticədə ötən mövsüm “rabitəçilərlə” Azərbaycan çempionu olan Draqutin Baltiç bu dəfə əks düşərgədə öz sözünü deyib. Sloveniyalı mütəxəssisin 0:2 hesablı məğlubiyyətdən sonra etdiyi taktiki gedişlər yekunda həlledici olub və oyun “Lokomotiv”in dramatik qələbəsi ilə başa çatıb – 3:2.

Tura “İqtisadçı” – “Azərreyl” matçı ilə yekun vurulub. Bu oyunda isə Vüqar Əliyevin yetirmələri 2 xalı aktivlərinə yazıblar. Düzdür, universitet komandası 2-ci setdə hesabı bərabərləşdirsə də, gücləri bundan artığına çatmayıb. Yekunda “Azərreyl” 3:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, final mərhələsinin ilk 3 turu Mingəçevirdə keçiriləcək. Növbəti oyunlar isə Masallı və Bakıda baş tutacaq.

18 aprel

“Rabitə” – “Lokomotiv” - 2:3 (25:22; 25:16; 21:25; 22:25; 17:19)
Təsnifat mərhələsindəki oyunları
“Rabitə” - “Lokomotiv” - 2:3 (25:23, 25:21, 21:25, 18:25, 12:15)
“Lokomotiv” - “Rabitə” - 1:3 (14:25, 25:13, 17:25, 25:27)


“İqtisadçı” – “Azərreyl” - 1:3 (18:25; 25:22; 19:25; 22:25)
Təsnifat mərhələsindəki oyunları
“İqtisadçı” - “Azərreyl” - 2:3 (25:27, 14:25, 25:22, 26:24, 12:15)
“Azərreyl” - “İqtisadçı”- 2:3 (23:25, 25:17, 27:25, 18:25, 12:15)
0