“Almaniya çempionatının səviyyəsi Azərbaycandan aşağıdır”
25.04.2011 - 10:34
“Almaniya çempionatının səviyyəsi Azərbaycandan aşağıdır”
“Bakı”nın bolqarıstanlı voleybolçusu Polina Stoyneva Azərbaycan Super Liqası ilə vidalaşa bilər. Apasport.az saytının məlumatına görə, 2009-cu ildən ölkəmizdə çıxış edən 22 yaşlı Stoyneva bu barədə Bolqarıstan mətbuatına verdiyi müsahibəsində bildirib. Ötən il Bakının “İqtisadçı” klubu ilə Super Liqanın bürünc mükafatını qazanan legioner Almaniyada çıxış etmək arzusundadır.

- 2 mövsümdür Azərbaycan Super Liqasında oynayırsınız. Orada özünü necə hiss edirsiniz?
- Mən Azərbaycanda özümü çox yaxşı hiss edirəm. Çünki orada Super Liqada səviyyə yüksəkdir və güclü voleybolçular çıxış edirlər. Bundan əlavə, yetərincə bolqarlar da var. Rəqabət artıb. Bu mövsüm orada çox yaxşı nəticələr olub. Ancaq növbəti mövsüm Avropadan hansısa təklif alacağım halda onu dəyərləndirəcəyəm.

- Bəs hansı ölkəyə üstünlük verəcəksiniz?
- Mən Almaniya çempionatına üstünlük verəcəyəm. Ancaq bu mənim hələ ki arzumdur. Oradan dəvət alacağımı bilmirəm. Əgər bu ölkədən təklifim olmasa, İtaliyaya getmək variantım var. Hələ danışıqlar üçün tezdir. Azərbaycan Super Liqası bitməyincə heç nə deyə bilmərəm.

- Niyə məhz Almaniya?
- Ona görə ki, mən həmişə oraya getmək istəmişəm. Bilirəm ki, Almaniyada hər şey çox yüksək səviyyədədir. Voleybola xüsusi diqqət yetirilir, məşqlər yaxşı keçirilir. Düzdür, orada çempionat Azərbaycandakı kimi deyil, daha aşağı səviyyədədir. Ancaq Almaniyada məşqlər daha intensiv keçir ki, mən bunu Azərbaycanda tapa bilmədim. Bu məqsədlə Almaniyada oldum və orada hər şey xoşuma gəldi. Növbəti mövsüm bu ölkədə çıxış etməyə çalışacağam.

- Əgər Bolqarıstandan təklif olarsa, bunu nəzərdən keçirəcəksiniz?
- Daha peşəkar səviyyədə oynamaq üçün xarici ölkələrə üstünlük verirəm. Bolqarıstanda isə səviyyə aşağı düşüb. Burada uşaqlara oynamağı öyrətmək daha yaxşı olardı. Bu gənc qızlar üçün münasibdir. Çünki onlar evlərinə yaxın çempionatda çıxış edirlər. Qadınlar isə xaricə gedərək, peşəkar voleybolu öyrənmək istəyirlər.

- Azərbaycanda çalışan Draqutin Baltiç Bolqarıstan milli komandasına baş məşqçi təyin edildi. Onun bu mövsüm Bakı “Lokomotiv”ində işi bağlı nə deyə bilərsiniz?
- Mən bu mütəxəssis hələ ötən il Bakının “Rabitə” klubunda çalışdığı zamandan tanıyıram. O, mənim üçün çox yüksək səviyyəli məşqçidir. Bu il “Lokomotiv”də komanda səviyyəsini qaldırdı və böyük uğurlar qazandı. Baltiç bu klubu çempion etmək gücündədir. Fikrimcə, Bolqarıstan milli komandasında işə başladıqdan sonra da çox şey dəyişəcək.

- Siz yığma üçün ondan təklif gözləyirsinizmi?
- Bu onun işidir. Məşqçi seçimi özü edir və onun ilk açıqladığı heyət geniş olacaq.

- Azərbaycanda qazandığınız təcrübədən maraqlısını qeyd edə bilərsinizmi?
- Ən maraqlısı odur ki, biz bolqarlar bir-birimizə qarşı oynayırıq. Bu zaman isə həmyerlilərim qarşı tərəfdə nəsə səhv etdikləri zaman bəzi sözləri bolqar dilində deyirlər ki, biz də bunu başa düşürük. Çox şadam ki, yığmamızın üzvü Tanya Sabkova bizim komandada oynayır. Onun təcrübəsi çox böyükdür. Bu yalnız Bolqarıstan millisi ilə bağlı deyil.

- Milli komandanın növbəti hazırlığından nə gözləyirsiniz?
- Biz aprelin 25-dən təlim-məşq toplanışına start verəcəyik. İlk olaraq fiziki hazırlıq üzərində işləyəcəyik. Köməkçi məşqçimiz Petr Doçev bizə formamızı bərpa etməkdə yardımçı olacaq. Yığmamızın xaricdə oynayan voleybolçuları özlərini yaxı tərəfdən göstərməyə çalışacaqlar. Baş məşqçimiz Baltiç isə buraya gələrək yaxşı səviyyədə olduğumuzu görməlidir. Əlbəttə, yalnız 1 nəfərlə uğur qazanmaq çox çətindir. Bunun üçün hamı çalışmalıdır və indi biz bunu edirik. Ümid edirik ki, Avroliqada bütün rəqiblərimizə qalib gələcəyik. Bu bizə Qran-pridə oynamağa imkan verəcək. Sonra Avropa çempionatı barədə düşünəcəyik. Buna isə sentyabra qədər vaxt var.
0