Vüqar Əliyev: “Rabitə” artıq çempiondur!
04.05.2011 - 12:37
Vüqar Əliyev: “Rabitə” artıq çempiondur!
“Çempionluq üçün çox əla şansımız var idi. Lakin Masallıda keçirilən VI turda “Rabitə”yə uduzmaqla, işimizi çətinə saldıq. Hazırda II yerdə qərarlaşmışıq. Bunun da səbəbləri var. Lakin bu səbəbləri açıqlamağı düzgün saymıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Azərreyl” voleybol klubunun baş məşqçisi Vüqar Əliyev deyib.

Super Liqanın final mərhələsinin son 3 turunun çətin keçəcəyi qənaətində olan gənc mütəxəssis bildirib ki, artıq əsas məqsədləri gümüş mükafat qazanmaqdır: “Düzdür, Bakı mərhələsində hər nəticə qeydə alına bilər. Lakin “Rabitə” artıq çempiondur desəm, səhv etmərəm. Çünki bunun üçün onlara 1 qələbə yetərlidir. 60-70 faiz arzularını reallaşdıran komanda isə son anda bu üstünlüyü əldən verməz. Obyektiv baxsaq, “Azərreyl” 2-ci yer uğrunda mübarizə aparmalıdır. Biz ən pis halda, bunun üçün 2 qələbə qazanmalıyıq. Əks halda isə 4-cü də ola bilərik. Bunun üçün qızlara tapşırmışam ki, ilk növbədə qələbə, ikinci növbədə isə baxımlı oyun nümayiş etdirmək lazımdır. Çünki mövsümün əvvəlində ili 2 titulla başa vurmaq istəsək də, yalnız “Çelenc Cup”ı qazana bildik. İndi isə II yeri əldən verməyimiz düzgün çıxmaz”.

Bu mövsüm “Rabitə”yə bütün oyunlarda uduzan “Azərreyl” son dövrədə bu tilsimi qırmağı planlaşdırır. Əliyevin sözlərinə görə, çempionatda 2 qırılmaz seriya var ki, onlardan birini qırmaq üçün yetirmələrinə xüsusi tapşırıq verib: “Mövsümün və çempionatın sonu olduğu üçün bütün klublarda həm psixoloji, həm də fiziki cəhətdən yorğunluq müşahidə olunur. Buna baxmayaraq, mən voleybolçularıma tapşırmışam ki, son turda nəyin bahasına olursa-olsun “Rabitə”yə qalib gəlməliyik. Çünki Super Liqada maraqlı hal yaşanır: biz “Rabitə”ni, “Lokomotiv” isə bizi məğlub edə bilmir. Bunun üçün yenə də Draqutin Baltiçin yetirmələrinə qalib gəlməyi və Çempionlar Liqasının gümüş mükafatçısına gücümüzü göstərməyi planlaşdırmışıq. Fikrimcə, bu dəfə alınacaq”.

Qeyd edək ki, Super Liqanın son 3 turu mayın 5-7-də Bakı İdman Sarayında keçiriləcək.
0