“İqtisadçı” ulduz axtarışında
10.05.2011 - 14:11
“İqtisadçı” ulduz axtarışında
“Yeni baş məşqçi axtarışındayıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İqtisadçı” voleybol klubunun vitse-prezidenti Seymur Orucov verib.

Onun sözlərinə görə, belçikalı baş məşqçi Jan De Brandtla vidalaşdıqdan sonra komanda istirahətə buraxılıb və voleybolçuların əksəriyyəti ilə də müqavilə yekunlaşıb. Amma tez bir zamanda yeni çalışdırıcının adı müəyyənləşə bilər: “Məşqçimiz əcnəbi olmaya bilər. Komandamızı son 2 oyuna çıxaran Eldar Əliyevlə müqavilə bağlamağımız mümkündür. Bu ehtimal 70-80 faizə bərabərdir. Bu barədə rəhbərliklə bir daha məsləhətləşdikdən sonra qərar verəcəyik”.

Orucov bildirib ki, son mövsümdə “İqtisadçı”nın heyətində çıxış edən voleybolçulardan bir neçəsi ilə müqaviləni yeniləmək üçün danışıqlar aparılır: “Düzdür, biz bütün aparıcı oyunçularımızla 1 illik müqavilə bağlamışıq. Amma onların bir neçəsini yeni mövsüm üçün də heyətdə saxlamaqda maraqlıyıq. Hazırda onlardan almaniyalı Katlin Ueiss, yaponiyalı Yuko Sano, hollandiyalı Alisa Blom və kubalı Yaima Ortis Çarro ilə danışıqlar aparırıq. Fikrimcə, bu voleybolçular yenidən komandamızın şərəfini qoruyacaq”.

Ötən mövsümlə müqayisədə yeni mövsümdə CEV kubokunda yarışacaq “İqtisadçı” yeni transferlər üçün danışıqlara başlayıb. Orucov bildirib ki, komanda Avropadan bit neçə ulduz voleybolçu gətirməyi planlaşdırır: “Bu il yalnız Avropadan oyunçu gətirəcəyik. Çalışacağıq ki, hamısı da ulduz olsun. Əsas axtarışlarımızı isə İtaliyada aparacağıq”.

Qeyd edək ki, bu il “Çelenc Cup”ın yarımfinalına kimi irəliləyən “İqtisadçı” Azərbaycan Super Liqasını III pillədə başa vurub.
0