Azərbaycanda legioner limiti ən azı 5 il dəyişməyəcək
18.05.2011 - 12:05
Azərbaycanda legioner limiti ən azı 5 il dəyişməyəcək
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti mövsümündə legioner limiti tətbiq edilməyəcək. Bu barədə apasport.az saytına məlumatı Voleybol Federasiyasının yerli yarışlar üzrə koordinatoru Oqtay Musayev verib.

Onun sözlərinə görə, ölkə çempionatında komandalar ötən mövsüm olduğu kimi, istədikləri qədər əcnəbi sifariş edə bilərlər. Musayev bildirib ki, bu, Super Liqada oynamaq gücündə oynaya biləcək yerli voleybolçuların azlığı ilə bağlıdır: “Bu barədə avqust ayında bir daha müzakirələr aparılacaq. Lakin hələ bizdə limitdən söhbət gedə bilməz. Çünki Super Liqada çıxış edə biləcək azərbaycanlı voleybolçular kifayət qədər deyil. Onlar klublara bölündükdə, ümumiyyətlə azlıq təşkil edirlər. Bu səbəbdən hələ gözləməliyik. Gənc voleybolçularımızın yüksək səviyyəyə çatması üçün zamana ehtiyacları var. Fikrimcə, limit üçün 5 il gözləməliyik”.

Təcrübəli mütəxəssis gənc voleybolçuların yetişməsində Super Liqada əcnəbilərin çıxışının vacibliyini vurğulayıb. Musayev deyib ki, hazırda avrokuboklarda qazanılan uğurda legionerlərin əməyi böyükdür: “Avropada Azərbaycan Super Liqasının səviyyəsindən danışırlar. Müxtəlif yarışlarda bu mövsüm çox uğurlu alındı. “Rabitə” Çempionlar Liqasında, “Azərreyl” və “Lokomotiv” “Çelenc Cup”ın finalında, “İqtisadçı” isə analoji yarışın yarımfinalında oynadı. Bu bizim üçün əla göstəricidir. Başa düşürəm, Türkiyədə 2+1 limitinə keçirlər. Amma nəzərə almaq lazımdır ki, onlarda bu uğurun əsası 90-cı illərdə, özü də Faiq Qarayevin sayəsində qoyulub. Bundan əlavə, onların 80 milyon əhalisi olduğu halda, Azərbaycanda bu göstərici 8 milyondur. Biz cəmi 2 ildir ölkə daxilində möhtəşəm oyunlar izləyirik. Gəlin darıxmayaq, gənclər əsas klublarda yer aldıqdan sonra hər şey qaydasına düşəcək və bunun da sayəsində yığmamız da güclənəcək”.
0