Yığmamız Gürcüstanda 5 oyundan 4-də qələbə qazandı
23.05.2011 - 16:24
Yığmamız Gürcüstanda 5 oyundan 4-də qələbə qazandı
Həndbol üzrə gənc oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstan Super Liqasında iştirakını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, yığmamız bu ölkənin çempionatının V dövrəsində keçirdiyi 5 oyundan 4-də qələbə qazanıb.

Belə ki, ilk görüşündə “Kutaisi” həndbolçuları ilə qarşılaşan Hikmət Abdullayevin yetirmələri rəqiblərini 1 top fərqi ilə məğlub edib – 26:25. Bu matçın ardınca millimiz “Batumi” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Baş məşqçinin əsasən ehtiyat oyunçulara güvəndiyi qarşılaşmada komandamız 31:26 hesabı qələbə qazanıb. Lakin III oyunda son Gürcüstan çempionu “Tbilisi” bir daha yığmamızdan güclü olduğunu sübut edib. Onlar həmyerlilərimizə 28:25 hesabı ilə qalib gəliblər.

Növbəti matçda təmsilçilərimiz “Universitet”lə oynayıblar. Çətin keçən matçda yığmamız “tələbələri” minimal hesabla (29:28) məğlub edib. Son görüşdə isə Gürcüstanın gənclərdən ibarət millisini sınağa çəkən həndbolçularımız 31:27 hesablı qələbəyə seviniblər.

Beləliklə, Gürcüstan çempionatının son 3 dövrəsində qüvvəsini sınayan komandamız 15 oyundan 11-də rəqiblərini məğlub edib. 3 görüşdə uduzan həndbolçularımız, 1 dəfə heç-heçə ilə kifayətlənib.

Qeyd edək ki, millimiz yarışda müsabiqədən kənar mübarizə aparır.
0