Milli komandamız Belarusa 9 top fərqi ilə uduzdu
02.06.2011 - 12:19
Milli komandamız Belarusa 9 top fərqi ilə uduzdu
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Rusiyada məğlubiyyətləri sıralayır. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın rəhbərlik etdiyi yığmamız Həştərxan şəhərində keçirilən “Xəzərətrafı Ölkələrin Kuboku” uğrunda turnirdə qarşılaşdığı ilk 2 rəqibinə uduzub.

Belə ki, öncə “Astraxanoçka” ilə üz-üzə gələn həndbolçularımız 5 top fərqi ilə məğlubiyyət acısı yaşayıblar – 31:36. Ardınca isə millimiz Avro-2012-nin seçmə mərhələsində rəqibimiz olacaq Belarus yığması ilə münasibətinə aydınlıq gətirib. Bu dəfə güclü tərəf rəqib olub. Belaruslular 36:27 hesabı ilə qələbə qazanıblar.

Rəfiqə Şabanovanın yetirmələri bu gün Rusiyanın gənclərdən ibarət yığması ilə qarşılaşacaq. Bu oyunda qələbə həmyerlilərimizi turnirdə sonuncu olmaqdan qurtara bilər. Çünki hər 2 komanda heç bir görüşdə qalib gələ bilməyib. Kubokun sahibinin adı isə Belarus - “Astraxanoçka” matçında müəyyənləşəcək.

Qeyd edək ki, Rusiyaya səfər Avropa çempionatının seçmə qrup oyunlarına hazırlıq məqsədi daşıyır. Olimpiya çempionumuz turnirə əsasən yerli və gənc həndbolçuları aparıb.
0