Azərbaycan millisi Ukrayna qarşısında aciz qaldı
23.11.2019 - 17:53
Azərbaycan millisi Ukrayna qarşısında aciz qaldı

16 yaşadək qızlar arasında Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatına start verilib. 

APA-nın məlumatına görə, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yarışın ilk turunda Azərbaycan yığması Ukrayna ilə üz-üzə gəlib. 

A qrupunda yer alan voleybolçularımızın debütü uğursuz alınıb. Emin Əbilovun rəhbərlik etdiyi komanda 3 hissədə cəmi 34 top qazana bilib - 0:3 (11:25, 12:25, 11:25).

Qrupumuzun digər matçında Gürcüstan və Rusiya oynayacaq. Latviya ilk turda istirahət edəcək. 

B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa milliləri mübarizə aparırlar. Reqlamentə əsasən, qrup qalibləri finalda iştirak hüququ qazanacaqlar. İkinci yerin sahibləri isə bürünc medalçını müəyyənləşdirəcəklər.

Qeyd edək ki, yığma noyabrın 25-də gürcülərlə oynayacaq. 

0
voleybol EEVZA Emin Əbilov