Azərbaycanda oynamış 7 əfsanə ilə vida oyunu keçirildi
10.11.2021 - 16:15
Azərbaycanda oynamış 7 əfsanə ilə vida oyunu keçirildi

Tailandda qadın voleybolunun əfsanələrinin vida oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, Tailand İdman İdarəsi (SAT) və Tailand Voleybol Assosiasiyasının (TVA) birgə təşkil etdiyi qarşılaşmada “7 əfsanə” ilə Tailand liqasının yığması üz-üzə gəlib.

Bu görüş voleybolun 7 əfsanəsinin yola salınması mərasimi olub. Tailand aparıcı oyunçuları Pleumjit Tinkaov, Vilavan Apineponq, Nutsara Tomkom, Onuma Sittirak, Malika Kantonq, Xyafa Amporn və Vanna Burkaev sonuncu dəfə meydana çıxıb.

Qapalı “Huamark” stadionunda keçirilən matçda əfsanələr 25:18 hesablı qələbə qazanıb. Bu görüş onların Tailand voleybolundakı xidmətlərinə hörmət əlaməti kimi təşkil edilib. Əfsanələrdən yalnız Vilavan vida oyununda iştirak edə bilməyib. O, tədbirdə ana olmağa hazırlaşdığını açıqlayıb.

“7 əfsanə” komandasında oynayan voleybolçuların hamısı vaxtilə Azərbaycan Super Liqasında da çıxış edib. Nutsara “Azərreyl”, “İqtisadçı” və “Rabitə”də forma geyinib. Malika “İqtisadçı” və “Azəryol”un şərəfini qoruyub. Vanna “tələbələr”lə yanaşı, “dəmiryolçular”ın da formasını geyinib. Digər oyunçular isə “İqtisadçı”da oynayıb.
 

0