Hər oyunda mobil telefon, finalda avtomobil - Azərbaycan çempionatında
14.12.2019 - 16:55
Hər oyunda mobil telefon, finalda avtomobil - Azərbaycan çempionatında

Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqa yarışının açılış mərasimi keçirilib. 

Apasport.az saytının məlumatına görə, açılış mərasimində Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov dövlətin ölkəmizdə idmana, o cümlədən voleybola göstərdiyi diqqət və qayğıdan danışıb. 

O bildirib ki, hər iki çempionatda yeni komandaların oynaması, onların heyətində gənclərin yetişməsi alqışalayiqdir. Yeni klubların adını açıqlayan qurum rəhbəri qadın voleybolçulardan ibarət “Mübariz”i xüsusi vurğulayıb. 

O, Voleybol Mərkəzində keçirilən mərasimdə üzünü valideynlərə də tutaraq, uşaqlarını idmana, o cümlədən voleybola yönəltməyə çağırıb. Gələcək hədəflərdən də danışan C. Qurbanov çempionat oyunlarındakı yenilikdən də söz açıb. Federasiya prezidenti bildirib ki, görüşlərdə bilet satışı tətbiq ediləcək. Azarkeşlər ilkin oyunlarda mobil telefon, finalda isə avtomobil udmaq şansı əldə edəcəklər. 

C. Qurbanov azarkeşləri yeni çempionatların başlaması münasibəti ilə təbrik etdikdən sonra Azərbaycan himni səslənib. Ardınca yarış açıq elan olunub. 

Qeyd edək ki, Super Liqada 6 komanda - “Azərreyl”, “Murov”, “Abşeron”, “Mübariz”, UNEC və Gürcüstan, Yüksək liqada 8 iştirakçı - “Neftçi”, “Murov”, “Azərreyl”, MOİK, “Ekspress”, “Xilasedici”, “Sərhədçi” və Gürcüstan mübarizə aparacaq. Qadınlar və kişilər arasında keçirilən ölkə çempionatı 2 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. 

0
voleybol açılış mərasimi Cavid Qurbanov