Yığmamız Türkiyə klubuna qalib gəldi
12.03.2022 - 15:35
Yığmamız Türkiyə klubuna qalib gəldi

Basketbol üzrə kişilərdən ibarət əsas və U-18 yığma komandalarımızın Türkiyədə təşkil olunmuş təlim-məşq toplanışları start götürüb. 

Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, kişilərdən ibarət əsas komanda 6-20 mart, gənclərdən ibarət U-18 komandası 9-18 mart tarixləri aralığında müvafiq olaraq İzmir və İstanbul şəhərlərində hazırlıq keçəcəklər.

İzmir şəhərində Samit Nuruzadənin rəhbərlik etdiyi əsas yığmamız yoxlama oyunları da keçirib.

İlk oyunda Türkiyənin "Nazilli Belediyespor" komandası ilə görüşdə 48-69 hesabı ilə məğlub olan millimiz daha sonra "Karşıyaka Belediye" komandasına 75:70 hesabı ilə qalib gəlib. Bu qələbədə yığmamızın təcrübəli basketbolçusu Amil Həmzəyevin 34 xallıq performansının xüsusi rolu olub. Seçmə komandamız növbəti yoldaşlıq qarşılaşmasında da Türkiyə təmsilçisi ilə üz-üzə gəlib və "Söke Belediyespor" kollektivinə qarşı mübarizədə meydandan 84:72 hesablı inamlı qələbə ilə ayrılıb.

Gənclərdən ibarət U-18 yığma komandamız da İstanbul şəhərində məşqlərini davam etdirərək qarşıdakı yarışlara ciddi hazırlaşır. Komandanın məşqçiləri Tahir Baxşıyev və Anar Sarıyevin yetirmələri yoxlama oyunlarında öz güclərini sınaqdan keçiriblər. Türkiyə təmsilçiləri ilə iki oyun keçirən komandamız ilk olaraq "Haznedar Doruk" kollektivinə 77:52, daha sonra isə ÜNSPED basketbolçularına 71:68 hesabı ilə qalib gəliblər.
 

0