Azərbaycan kubokunun keçiriləcəyi tarixlər bəlli olub
18.10.2024 - 15:56
Azərbaycan kubokunun keçiriləcəyi tarixlər bəlli olub

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində voleybol üzrə Azərbaycan kubokunun keçiriləcəyi tarixlər bəlli olub.

Apasport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qadın və kişi voleybolçular arasında ölkə kuboku 25 oktyabr - 4 noyabr tarixlərində baş tutacaq.

Yarışda 6 qadın (“Abşeron”, “AZERRAIL”, “Murov Az Terminal”, UNEC, “Milli Aviasiya Akademiyası”, “Gəncə”) və 6 kişi (“Neftçi”, “AZERRAIL”, “Murov Az Terminal”, MOİK, “Gənclər”, “Xilasedici”) komandası iştirak edəcək.

Komandalar hərəsində 3 klub olmaqla iki qrupda və bir dövrədə mübarizə aparacaqlar. Oyunlar dairəvi sistemlə keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. Daha sonra yarımfinal və final uğrunda qarşılaşmalar baş tutacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları paytaxtla yanaşı, Sumqayıt və Gəncə şəhərləri, Xaçmaz rayonunda da təşkil olunacaq. Yarımfinal və final qarşılaşmaları isə Bakıda GİN-in Voleybol Mərkəzində təşkil ediləcək.

Qadınlar:

A qrupu: “Gəncə”, UNEC, “AZERRAIL”
B qrupu: “Abşeron”, “Milli Aviasiya Akademiyası”, “Murov Az Terminal”

Kişilər:

A qrupu: “Gənclər”, “AZERRAIL”, “Neftçi”
B qrupu: “Xilasedici”, MOİK, “Murov Az Terminal”

0