
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev, AVF-nin baş katibi Faiq Orucov, AVF prezidentinin müşaviri Cəlil Cəfərov, gənc qızlardan, həmçinin oğlanlardan ibarət millilərin oyunçuları və məşqçiləri ilə görüşüblər.
Apasport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan toplantıda CEV rəhbəri gəncləri salamlayıb, onlara uğurlar arzu edib.
O, AVF-də uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Daha sonra AVF-nin icraçı direktoru Vüqar Hüseynzadə federasiyada görülən işlər və qarşıdakı planları əhatə edən təqdimatla çıxış edib.
AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme çıxış edərək bildirib ki, məşqçiliyə yeni başlayan mütəxəssislərlə işlər aparılır, onların bilik və bacarıqlarının artırılmasına dair müxtəlif seminarlar təşkil olunur.