Millimizin baş məşqçisi yeniyetmə və gənc voleybolçularla görüşüb
21.01.2025 - 11:45
Millimizin baş məşqçisi yeniyetmə və gənc voleybolçularla görüşüb

Yeniyetmə və gənc qızlardan ibarət voleybol üzrə Azərbaycan millilərinin baş məşqçisi Şahin Çatma "Gəncə" Voleybol Akademiyasının idmançıları ilə görüşüb.

Apasport.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində keçirilən görüşdə klubun prezidenti Elvar Osmanov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, eləcə də Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Məftun Salmanov da iştirak ediblər.

Çatma yeniyetmə voleybolçulara məsləhətlər verib, onları maraqlandıran sualları cavablandırıb. O, idmançılara voleybolun texniki və taktiki incəlikləri, komanda prosesində çalışma zamanı üzə çıxan çətinliklərin aradan qaldırılması yolları və peşəkar idmançı olmağın əsas prinsipləri barədə danışıb.

Uşaq voleybolunun önəminin xüsusi vurğulandığı görüşdə "Gəncə"nin Azərbaycan Voleybol Federasiyasının "Volleyball Kids" layihəsinə verdiyi davamlı dəstək xüsusi vurğulanıb. Layihənin əsas məqsədi uşaq və yeniyetmələr arasında voleybolun kütləviliyinə nail olmaq, istedadlı idmançıların aşkara çıxarılması və onların peşəkar idman aləminə qazandırılmasıdır. "Gəncə" bu istiqamətdə mütəmadi olaraq yeni nəsil idmançıların yetişdirilməsinə xüsusi diqqət yetirir.

Türkiyəli mütəxəssis yeniyetmə voleybolçuların məşqini izləyib, sonda xatirə şəkli çəkdirilib.

0