
Qadın voleybolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov, AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova da tədbirdə iştirak edib.
Tədbir İtaliyanın Bari şəhərindəki məşhur Norman-Swabian Qalasında təşkil olunub.
Püşkatma nəticəsində ardıcıl 11-ci dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin rəqibləri bəlli olub. Çempionatın ev sahiblərindən biri olan ölkəmizdə C qrupunun oyunları keçiriləcək. Millimizin qrupdakı rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya olacaq.
Komandamız 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.
Qeyd edək ki, Avropa çempionatı 2026-cı ildə Azərbaycan, Türkiyə, Çexiya və İsveçin ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.