Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
21.08.2026 - 20:31
Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Avqustun 21-də Azərbaycanın da ev sahibliyi etdiyi qadın voleybolçular arasında 34-cü Avropa çempionatının açılış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbir bədii proqramla başlayıb.

Əvvəlcə çempionata həsr olunan 10 dəqiqəlik videoçarx nümayiş etdirilib. Videoda yarışın topunun Bakıdan yola düşərək iştirakçı ölkələri simvolik şəkildə birləşdirməsi və yenidən ev sahibi şəhərə qayıtması əks olunub.

Videoçarxın sonunda real topun meydana daxil olması ilə bədii proqram davam edib. Topu repçi Clavis götürərək Azərbaycan dilində “Çempionlar” mahnısını ifa edib.

Daha sonra meydanda “3D mapping” vasitəsilə müxtəlif görüntülər nümayiş olunub. Bədii proqram pianoçuların iştirakçı ölkələrin məşhur musiqilərindən seçilmiş parçaları ifa etməsi ilə davam edib. Musiqi bölümü Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.

Sonda “3D mapping” kompozisiyası vasitəsilə meydanın mərkəzində çempionatın rəsmi loqosu formalaşdırılıb və açılış mərasiminə yekun vurulub.

Daha sonra Bakıda keçirilən Avropa çempionatında C qrupunun ilk oyunu başlayıb.

Qeyd edək ki, C qrupunda növbəti oyunlar avqustun 22-də keçiriləcək. Milli Gimnastika Arenasında Belçika – İspaniya və Rumıniya – Niderland qarşılaşmaları baş tutacaq.