“Azərbaycan millisinin belə konsentrasiyalı oynadığını görməmişdim. Onlar əksər vaxtlarda bizi qiymətləndirməyib, arxayın oynasalar da, bu dəfə belə olmadı”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Slovakiya millisinin baş məşqçisi Marek Royko deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının final mərhələsində Azərbaycanla oyunu şərh edib. O bildirib ki, 1:3 hesabı ilə uduzmalarında səhvləri və yığmamızda güclü oyunçuların yer alması rol oynayıb: “Bizim oyunçular rəqibə hörmətlə yanaşıb, onlara qarşı yaxşı mübarizə apardılar və 1 setdə də qalib gəldilər. Amma ümumilikdə çox səhv etdik. Azərbaycan millisi dünyanın ən yaxşılarından olan Polina Rəhimova kimi voleybolçuya malikdi. Qarşılaşmanın 3-cü seti həlledici ola bilərdi. Biz orada qalib gəlməliydik. Lakin 22:20 hesabı ilə öndə olduğumuz hissədə uduzub, qarşılaşmanı da əldən verdik”.
Qeyd edək ki, Azərbaycan Slovakiya ilə cavab oyununu iyulun 3-də keçirəcək.