[b]“Azəryol” yeni tarix yazmaq arzusunda[/b]
07.03.2016 - 15:07
[b]“Azəryol” yeni tarix yazmaq arzusunda[/b]

Sabah qadın voleybolçular arasında CEV kubokunda yarımfinal oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, finala gedən yolda Bakının “Azəryol” klubu Krasnodarda “Dinamo”nun qonağı olacaq.

 

Qarşılaşmanın komandamız üçün çətin keçəcəyini proqnozlaşdırmaq olar. Rusiya çempionatının liderlərindən sayılan krasnodarlılar ötən ilki titulu əldən vermək niyyətində deyillər. Bir il öncə yarımfinalda “Rabitə”yə, ardınca “Atom”a (Polşa) qalib gəlməklə CEV kubokuna yiyələnən “Dinamo” bu dəfə də eyni uğuru təkrarlamaq arzusundadı. Düzdü, komanda Superliqada son 2 matçda cəmi 1 set qazanıb. Bu da onların əsas heyət oyunçusu, “vuran əlləri” Tatyana Koşelyevanın zədə səbəbindən komandasına kömək edə bilməməsindən irəli gəlir desək, yanılmarıq. Amma onların avrokubokda fərqli oyun nümayiş etdirəcəyi gözləniləndi. Çünki bu mövsüm beynəlxalq arenada məğlubiyyət acısı yaşamayan, cəmi 2 setdə uduzan “Dinamo” “Azəryol” qarşısına da iddialı çıxacaq.

 

Lakin Ziya Rəcəbovun komandası da səfərə qələbə üçün yollanıb. Onlar indiyə kimi keçə bilmədiyimiz krasnodarlılara öz güclərini göstərməyi hədəfləyiblər. Komandanın yeganə itkisi Ceyran Əliyevadı. Buna baxmayaraq, tarixində ilk dəfə yarımfinala adlayan “Azəryol” uğurlu seriyanı davam etdirmək istəyindədi. Hər rəqibə qarşı müxtəlif taktika ilə oynayan paytaxt təmsilçisi ruslara qarşı da sürpriz hazırlayıb. Hər halda, səfərdə qazanılacaq 2 set belə “Azəryol” üçün uğurlu sayılacaq. Çünki cavab matçı Bakıda olacaq və həmin oyunda azarkeşlər komandamıza “7-ci oyunçu” kimi dəstək verəcəklər. Krasnodarda rəqib sevinsə belə Ziya Rəcəbovun komandası evdə revanş almaq gücündədi.

 

Digər yarımfinal cütündə isə “Şveriner” (Almaniya) “Qalatasaray”ı (Türkiyə) qəbul edəcək.

 

 

8 mart

CEV kuboku

Yarımfinal, ilk oyun

18:00. “Dinamo” (Krasnodar, Rusiya) – “Azəryol” (Azərbaycan)

Hakimlər: Silvian Lunqu (Rumıniya), Lyubomir Qlobaçik (Sloveniya)

Krasnodar, “Olimp” İdman Sarayı

 

Qeyd edək ki, cavab oyunları martın 12-də olacaq.