“Azəryol” voleybol klubu 2016/2017 mövsümündə avrokuboka qatılmaqdan imtina etdi. Ötən il məhdud büdcə, gənc və perspektivli baş məşqçi Ziya Rəcəbovun səyi ilə Avropaya səs salan komandanın bu addımı təəccüblə qarşılandı.
Kulisdə baş verən olaylardan xəbərsiz olan azarkeşlər, əslində nə baş verdiyini bilmək istəyir.
Gəlin, əvvələ qayıdaq. Avropada ardıcıl qələbələr əldə edən komanda Krasnodar "Dinamo"su ilə sönük oyunu nəticəsində finala yüksələ bilmədi. Sən demə, bu da səbəbsiz deyilmiş. Əldə etdiyimiz məlumata görə, İtaliya “Novarra”sı üzərində ev qələbəsindən sonra voleybolçulara rəhbərlik tərəfindən mükafat vəd edilib.
Amma "bu gün, sabah verəcəyik" deyilsə də, rəhbərlik vədinə xilaf çıxıb. Qeybə çəkilən klub prezidenti Cəmil Rüstəmxanlıya əli çatmayan klub menecerlərinin qarşısına baş direktor Yusif Atakişiyev çıxıb. Hətta İtaliyaya səfər öncəsi Yusif müəllim də “yoxa çıxıb”. Klub daxilindəki narazılıqlardan xəbərdar olduğundan məsuliyyəti öz üzərinə götürən Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev klub üzvləri ilə görüşərək, onlara dəstək olub.
Voleybolçuları restoranlardan birinə toplayan Qarayev şəxsən kluba cavabdeh olan “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovla görüşəcəyini və vəd olunan mükafatın veriləcəyini bildirib. İtaliyadan qələbə ilə qayıdan oyunçuların bu dəfə də ümidləri suya düşüb.
Ümumiyyətlə, klub prezidenti Cəmil Rüstəmxanlının yanvardan etibarən klubla maraqlanmadığı deyilir. Klubdan aldığımız məlumata görə, bütün işləri onun yaxın adamı olan baş direktor Yusif Atakişiyev yerinə yetirir.
Mövsümün əvvəlində klubun oyunçuları və məşqçilər heyətini qəbul edən Saleh Məmmədov verdiyi vədlərlə komandanı ürəkləndirib. Amma sonradan başı yol çəkməyə qarışan qurum rəhbəri nəinki vədlərini, hətta klubun varlığın unudub. Amma deyilənlərə görə, Saleh Məmmədova "klubda hər şey yaxşıdı" deyən aşağılar öz əməllərini ört basdır ediblər. Məşqçilər heyəti dəfələrlə Saleh Məmmədovla görüşməyə cəhd göstərsələr də, baş direktor Yusif Atakişiyevin "cəhdlər"i fayda verməyib.
Yeri gəlmişkən, son 2 ayda klub əməkdaşlarının maaşı verilməyib.
Maaş barədə müraciət edənlərə isə Atakişiyev "Saleh müəllim voleybol barədə eşidəndə əsəbiləşir” cavabını verir.
Amma Saleh Məmmədov ölkə prezidenti İlham Əliyevin idmana necə həssas yanaşdığını unudaraq, öz bildiyi kimi hərəkət edir. Nəzərə alsaq ki, gələn il Azərbaycanda voleybol üzrə Avropa çempionatı və İslam Oyunları keçiriləcək. Azərbaycanda isə klubların maliyyə çətinliyini bəhanə gətirərək, avrokuboklardan imtina etməsi bu yarışın Bakıda keçirilməsinə zərbə vurur.
Bununla belə, Qarayev ölkə başçısı ilə görüşərək yaranmış problemi diqqətə çatdırmaq istəyir. Artıq voleybolda baş qaldıran problemlərin Gənclər və İdman Nazirliyini, eləcə də Milli Olimpiya Komitəsini də hərəkətə gətirib.