[b]“Qəbələ” – “Kəpəz”: 1007 gün sonrakı görüş[/b]
22.08.2015 - 21:31
[b]“Qəbələ” – “Kəpəz”: 1007 gün sonrakı görüş[/b]

Topaz Premyer Liqasının III turunun sabah keçiriləcək oyununda “Qəbələ” “Kəpəz”lə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilədən öncə baş tutacaq qarşılaşma rəqiblərin 9-cu dueli olacaq.

 

Belə ki, “qırmızı-qaralar” indiyədək 8 dəfə Gəncə təmsilçisi ilə üz-üzə gəlib. Bu görüşlərin hamısı Premyer Liqa çərçivəsində keçirilib. Bu oyunlar 3 mövsümə təsadüf edib.

 

2010-cu il oktyabrın 31-də rəqiblər arasında ilk qarşılaşma baş tutub. Həmin oyunda qalib müəyyənləşməyib – 0:0.

 

Ümumiyyətlə, 2010/11 mövsümündə komandalar 4 dəfə üz-üzə gəlib və bütün matçlar heç-heçə nəticələnib.

Yalnız mövsümün 3-cü duelində - 7-12-ci yerlər uğrunda qarşılaşmada qol qeydə alınıb – 1:1. Digər 3 oyunda 0:0 hesabına təsadüf olunub. Qəbələdə vurulan ilk qolun müəllifi qonaqların qapısına yol tapan Murad Hüseynov olub. İlk 4 oyunda “Gəncə” adı altında çıxış edən rəqib sonradan “Kəpəz” adını qaytarıb.

 

2011/12 və 2012/13 mövsümlərinin hərəsində iki dəfə “Qəbələ” ilə “Kəpəz” qarşılaşıb. Bu 4 oyunun hamısında meydan sahibi olan komanda qalib gəlib. Ümumilikdə rəqiblərin hərəsinin iki qələbə qazandığı duellərdə 4 bərabərlik qeydə alınıb. Top fərqində “qırmızı-qaralar” üstündür – 7:5.

 

Bu 12 qola ümumilikdə 11 futbolçu imza atıb. Yalnız gəncəlilərin braziliyalı hücumçusu Junivan Suares 2 dəfə fərqlənib. “Qəbələ” evdə keçirdiyi 4 oyundan ilk ikisində heç-heçə edibsə, sonrakı qarşılaşmalarda eyni hesabla qalib gəlib – 2:0.

 

Komandanın son 3 ev oyununda 2 qol vurulub. Məhz “Qəbələ”nin meydan sahibi olduğu qarşılaşma rəqiblərin son dueli olmuşdu.

 

Həmin matçdan 1007 gün sonra rəqiblər yenidən üz-üzə gələcək.