Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” yay hazırlığına tam heyətlə başlaya bilməyəcək. Apasport.az saytının məlumatına görə, müdafiəçi Ansi Aqolli Albaniya yığmasının heyətində Avropa çempionatına qatılacağından, Ağdam klubunun hazırlığına kollektivlə birgə start verməyəcək.
“Qarabağ”ın hazırlıq planı tam bəlli olmasa da, Azərbaycan çempionu gələn ayın təxminən ikinci həftəsində yığışmaq niyyətindədi. Digər futbolçulardan fərqli, Aqolli toplanışa bir qədər gec qatılacaq. Daha dəqiq desək, təcrübəli müdafiəçi Albaniya yığması AÇ-dəki çıxışını dayandırdıqdan sonra “Qarabağ”ın sıralarına qoşulacaq.
Komandanın digər futbolçusu - zədəsi ilə əlaqədar, hazırda Almaniyada olan Rahid Əmirquliyev isə yay toplanışına qədər tam sağalacaq. Millimizin üzvü “Qarabağ”ın hazırlıq prosesinə ilk gündən qatılacaq.
Qeyd edək ki, ardıcıl 3-cü dəfə çempion olan “Qarabağ” çempionatın cari mövsümündə son oyunlarını “Rəvan” və AZAL-a qarşı keçirəcək.