2017-ci ildə Azərbaycan və Gürcüstanda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının iştirakçılarından beşinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, qitənin ən mötəbər yarışının ilk yığmaları Belçika və Hollandiyada başa çatan analoji turnirdə müəyyənləşib.
Belə ki, Avro-2015-in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya ilə yanaşı, ilk “beşlik”də qərarlaşan Türkiyə və Almaniya da Azərbaycanla Gürcüstanın birgə ev sahibliyi edəcəyi yarışda iştirak hüququ qazanıb. Onlar seçmə mərhələyə qatılmadan birbaşa Avro-2017-də mübarizə aparacaqlar.
Onlarla bərabər Azərbaycan və Gürcüstanın da ev sahibi kimi Avropa çempionatına qatılacağını nəzərə alsaq, artıq yarışda iştirak hüququ qazanan millilərin sayı 7-yə çatıb. Digər 9 komanda isə seçmə mərhələlərə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub