Sabah Azərbaycan futbolu tarixində daha bir ilk gerçəkləşəcək. Apasport.az saytının məlumatına görə, ölkəmizin UEFA-nın 19 yaşadək futbolçular üçün təşkil etdiyi Gənclər Liqasında debütü rəsmiləşəcək.
2013-cü ildən keçirilən qitə miqyaslı turnirdə indiyədək təmsilçimiz çıxış etməyib. İlkin gerçəkləşməsinə isə yarışın formatının dəyişməsi səbəb olub. Belə ki, 2013/14 mövsümündə “Barselona” (İspaniya), 2014/15 mövsümündə isə “Çelsi”nin (İngiltərə) qalibi olduğu yarışda yalnız Çempionlar Liqasının qrupuna yüksələn 32 klubun U-19 komandaları qatılmışdı.
Bu dəfə isə həmin 32 komanda yarışın Çempionlar Liqası yolunda, ən yüksək reytinqə malik 32 ölkənin birinciliyinin qalibi isə Çempionlar yolunda qüvvəsini sınayır. Düzdü, sonuncular daha çox təsnifat xarakterli mübarizə aparır. Çünki olimpiya sistemli 2 mərhələdən sonra 8 ən güclü qruplarda çıxış edən digər “32-lik” arasında 2-ci olanlarla pley-offda qüvvəsini sınayacaq. Yalnız bu 3 sınaqdan üzüağ ayrılanlar 8 qrup qalibi ilə 1/8 finalda oynamaq hüququq əldə edəcək.
Bu yenilik sayəsində ilk dəfə Gənclər Liqasında komandası olacaq ölkəmizi isə “Rəvan” təmsil edəcək. Ötən il U-19 Liqasının qalibi olan paytaxt klubunu çətin sınaq gözləyir. Komandaya çempionluq qazandıran Füzuli Məmmədovu postundan uzaqlaşdırıb, Zamin Əsədullayevi baş məşqçi gətirən “Rəvan” Rusiyanın ən adlı-sanlı və köklü klubu, “Xalq komandası” hesab edilən “Spartak”la üz-üzə gələcək.
Vaxtilə SSRİ, sonra isə Rusiya futboluna yüzlərlə ulduz bəxş edən “Spartak” məktəbinin yetirmələri təmsilçimizlə duelin də favoriti sayılır. Bu klubun U-19 komandasını isə futbolçu kimi ölkəsinin ulduzlarından olmuş Vladimir Besçastnıx çalışdırır.
Sabah baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Cavab matçı isə oktyabrın 21-də Bakıda keçiriləcək.
Qeyd edək ki, “Spartak” – “Rəvan” cütünün qalibi 2-ci mərhələdə “Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya) duelinin güclüsü ilə görüşəcək. Bu komandaların sabahkı ilk oyunu saat 18:00-da start götürəcək.
UEFA Gənclər Liqası
I mərhələ, ilk oyun
30 sentyabr
17:00. “Spartak” (Moskva, Rusiya) – “Rəvan” (Azərbaycan)
Baş hakim: Eyko Saar
Baş hakimin köməkçiləri: Silver Koiv, Aron Halsinq (hamlsı Estoniya)
Dördüncü hakim: Yevgeni Turbin (Rusiya)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
Moskva. “Spartak” stadionu. 4-cü meydança
- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq