“Azəryol”un CEV kubokundakı uğurları Avropa Voleybol Konfederasiyasının (CEV) da diqqətindən yayınmayıb. Apasport.az saytının məlumatına görə, CEV bu uğurlarda baş məşqçi Ziya Rəcəbovun əməyini yüksək qiymətləndirib.
Qurumun saytına dərc olunan məqalədə 33 yaşlı çalışdırıcının komandanı növbəti uğurlara daşıyacağına inam ifadə olunub: “Azəryol” ötən həftə tarix yazmaqla, yarımfinala yüksəlib. Bakı təmsilçisi “Novara”nı “Qızıl set”də üstələyərək, cari mövsümdə mübarizəni davam etdirən yeganə Azərbaycan komandasıdı. Qitənin ikinci dərəcəli qitə turnirində mübarizə aparan klub ölkəsinin komandaları arasında ən yaxşı nəticəyə malikdi. Hərçənd, komanda bu uğura gedən yola heç də yaxşı başlamamışdı. Lakin “Tarqovitse”yə 0:3 hesablı məğlubiyyətdən sonra “Azəryol” gənc və enerjili məşqçisi Ziya Rəcəbovun rəhbərliyi altında sürətlə inkişaf edib təkmilləşdi. Rumıniya klubunu 3:0 hesabı ilə məğlub edib, “qızıl set”də mərhələ adlayan “Azəryol”un növbəti 2 qurbanı “Salo” və “Muşuna” oldu. 33 yaşlı Rəcəbov finlərlə cavab oyunu öncəsi baş məşqçi postuna gətirildi. O, bu səviyyədə ən gənc məşqçilərdən biri olsa da, təcrübəsi ilə öyünə bilər. Ziko ləqəbi ilə tanınan Rəcəbov Azərbaycan nəhəngi “Rabitə”də 5 il keçirib və bir çox əcnəbi məşqçilərin köməkçisi olub. Bu komandanın yüksək səviyyədə çıxış etməsində müəyyən pay sahibidi. Hələ 2011-ci ildə “Rabitə” klublararası dünya çempionatını qazananda, 1 il sonra eyni yarışda 2-ci olanda Rəcəbov bu komandada çalışırdı. “Rabitə” ardıcıl 5 çempionluqla yanaşı, 2 dəfə Çempionlar Liqasının finalına çıxıb. Hər 2 cəhddə də “Vakıfbank”a uduzub. 2011-ci və 2013-cü illərdəki bu gümüşdən başqa, 2 il öncə “Kristal Hall”da keçirilən bu yarışın bürünc medalı da var”.
“Ziko” ləqəbli Rəcəbovun voleybolçu karyerasına da toxunan CEV onun köməkliyi nəticəsində Avropa Oyunlarında layiqli mübarizə apardığımızı qeyd edib: “Rəcəbovun uğurları sırasında onun voleybolçu karyerasını da qeyd etmək olar. O, gənc yaşında enerjili oyunçu olmaqla, “Neftçi”nin heyətində Azərbaycan çempionu olub və ölkəsinin millisinə cəlb olunub. Voleybolçu karyerasını başa vurduqdan sonra öz davranışı və xarakterinin müsbət çalarları ilə seçilən Ziya məşqçiliyə başlayıb. Ötən il Bülənt Karslıoğlunun köməkçisi kimi yığmada da təcrübə qazanıb. Bu komanda Bakıdakı Avropa Oyunlarında da mübarizə aparıb. Bu, Azərbaycanın kişi voleybolu üçün tarixi an idi. Gənc və təcrübəsiz komanda doğma azarkeşlər qarşısında Finlandiya və Türkiyə ilə layiqli oynadılar. Meydan sahibləri həmin oyunları tay-brekdə uduzaraq, sensasiyanın bir addımlığında büdrədi”.
CEV-də “Azəryol”un yarımfinalda Krasnodar “Dinamo”suna da inamlı müqavimət göstərəcəyi istisna olunmayıb: “İki qız atası olan Rəcəbov motosiklet həvəskarıdı. Amma bu nəqliyyat vasitəsinə marağı olsa da, bütün diqqətini voleybola ayırıb. Onun rəhbərliyi altında yarımfinala yüksələn “Azəryol”un növbəti rəqibi turnirin ötən ilki qalibi Krasnodar “Dinamo”sudu. “Azəryol” klub tarixində qitə yarışlarında heç vaxt bu qədər irəliləməyib. Onlar heyətində dünya səviyyəli ulduzlar olan və Çempionlar Liqasında CEV kubokuna gələn “Novara”ya da güclərini göstərdilər. Rəcəbovlu “Azəryol” ölkə çempionatında “Azərreyl” və “Lokomotiv”i də məğlub edib. Super Liqanın arxada qalan hissəsində yüksək nəticə göstərib. Gənc, istedadlı məşqçi və onun komandası uğurunu davam etdirib, daha bir tarix yazmaq əzmindədi. Bunun üçün onlar Tatyana Koşelyeva, Lyubov Sokolova kimi ulduzların oynadığı komandanı mübarizədən kənarlaşdırmağa çalışacaqlar. Zikonun komandasını haraya kimi daşıyacağını isə zaman göstərəcək”.
Qeyd edək ki, Rəcəbov mövsümün gedişində köməkçisi olduğu Aleksandr Çervyakovu əvəzləyib.