[b]CEV Natalya Məmmədovaya borclu olan klubu cəzalandırdı[/b]
14.09.2015 - 11:25
[b]CEV Natalya Məmmədovaya borclu olan klubu cəzalandırdı[/b]

Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədovanın şikayəti ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2014-cü ilin yayında “Omiçka”nı İsveçrə “Volero”suna dəyişən hücumçuya olan borcunu ödəmədiyi üçün CEV Omsk təmsilçisini cəzalandırıb.

 

Belə ki, Məmmədovaya 28 min avroya yaxın borcu olan şimal qonşularımız qeyri-müəyyən vaxta qədər legioner transferindən məhrum olublar. Sentyabrın 10-da CEV sanksiya ilə bağlı “Omiçka”ya rəsmi məktub da ünvanlayıb. Komanda növbəti cəzalarla üzləşməmək üçün 3 həftə ərzində hücumçunun borcunu qaytarmalıdı.

 

Qeyd edək ki, CEV-in Mübahisələrin Həlli Palatası FİVB-in tribunalı və Lozanna İdman Məhkəməsinin qərarlarını əsas gətirərək, Omsk klubunu borcunu ödəməyə təhkim edib. Bu məbləğ klubun Natalyaya olan borcu, həmçinin ödənilməyən pula görə bir il ərzində hesablanan faizin cəmidi.