“Hər il komandamı dəyişməklə irəliyə doğru bir addım atıram. Hollandiyada ardıcıl 3 dəfə çempion olduqdan sonra başa düşdüm ki, artıq ölkə xaricinə çıxmaq vaxtıdı”. Apasport.az saytının məlumatına görə, bunu Hollandiya millisinin ulduz voleybolçusu Enn Buijs deyib.
2014/2015 mövsümündə “Lokomotiv”də çıxış etmiş 25 yaşlı hücumçu Azərbaycan karyerasını xatırlayıb. O, vətənində verdiyi müsahibəsində hər il klub dəyişməsini yeni mədəniyyətlə tanış olmaq istəyi ilə əlaqələndirib.
Hollandiya, Belçika, İtaliya, Azərbaycan və Türkiyə çempionatlarını müqayisə edən Buijs Super Liqamıza maraqlı ad da qoyub: “İlk üz tutduğum ölkə Belçika idi ki, buradakı səviyyə Hollandiyadan ciddi fərqlənmirdi. Bu üzdən ölkəni dəyişib, yeni mədəniyyətlə tanış olmağı düzgün hesab etdim. Almaniyada voleybol bir az yüksək səviyyədə idi. Lakin orada dillə bağlı problemin öhdəsindən gəlməliydim. İtaliyada isə daha yüksək səviyyə ilə qarşılaşdım. Bundan sonra yollandığım Azərbaycan da mənim üçün maraqlı təcrübə idi. Bu ölkənin Super Liqasını Türkiyə çempionatının kiçik bacısı kimi görürəm. Yaxşı büdcəyə malik bir neçə klub say baxımından o qədər də böyük olmayan liqada mübarizə aparır. Sonra transfer olunduğum Türkiyə Avropanın ən yaxşıları ilə birlikdə çıxış etmək üçün əla şans idi. İndi də səbirsizliklə yeni təkliflər gözləyirəm”.
Çempion olduqdan sonra Türkiyənin “Vakıfbank” klubu ilə də vidalaşan voleybolçu “Lokomotiv”də atası Teon Buijsin rəhbərliyi altında oynamasına da toxunub. O bildirib ki, Bakıda ilk yaşamayıb və atası həmişə ən hazırlıqlı oyunçunu meydana buraxıb: “Lokomotiv”də atamın rəhbərliyi altında oynamağım mənim üçün yenilik deyildi. Çünki onunla bir komandada çox işləmişəm və bu, çox xoşuma gəlir. Bəzən komanda yoldaşlarıma təəccüblü gəlsə də, həmin vaxtlar onlardan hansısa təzyiq hiss etməmişəm. Atam həqiqətən də yaxşı oyunçu olub, millinin heyətində Avropa və dünya çempionatlarında, həmçinin Olimpiadalarda iştirak edib. Bu isə o deməkdi ki, mən ondan çox şey öyrənə bilərəm. Bu günki səviyyəyə çatmağım da məhz onun əməyidi”.
Qeyd edək ki, 2014/2015 mövsümündə Teon Buijsi komandadan gözlənilmədən qovan “Lokomotiv” Ennin gözəl oyunu sayəsində gümüş medal qazanmışdı.