[b]Komandalarımız avrokuboka rəsmi matç keçirmədən çıxacaq[/b]
26.10.2015 - 09:30
[b]Komandalarımız avrokuboka rəsmi matç keçirmədən çıxacaq[/b]

Çempionlar Liqasına hazırlaşan “Telekom”la “Lokomotiv” daha bir yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Super Liqanın gec başlaması səbəbindən sınaq görüşü ilə kifayətlənən Bakı təmsilçilərinin oyunu 4 set davam edib.

 

“Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutan qarşılaşma Zoran Qayiçin yetirmələrinin qələbəsi ilə başa çatıb. Onlar “dəmiryolçular”ı 3:1 (25:18, 21:25, 25:22, 25:13) hesabı ilə məğlub ediblər.

 

Həmçinin, “Azərreyl”lə “Azəryol” da ikinci dəfə güclərini yoxlayıblar. Bu komandaların duelində ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Bülənt Karslıoğlunun komandası güclü olub. Onlar CEV kubokuna qatılacaq “Azəryol”a 3:1 hesabı ilə qalib gəliblər.

 

Beləliklə, avrokuboka yoldaşlıq görüşləri ilə hazırlaşan “Telekom”, “Azərreyl”, “Azəryol” və “Lokomotiv” rəsmi matç keçirmədən beynəlxalq oyuna çıxacaqlar.

 

Qeyd edək ki, “Lokomotiv” oktyabrın 28-də Kazan “Dinamo”sunu qonağı olacaq, “Azərreyl” Ştutqartın eyni adlı təmsilçisini qəbul edəcək. “Telekom” isə 1 gün sonra Vrotslav “İmpel”i ilə Bakıda oynayacaq.

 

CEV kubokunda çıxış edəcək “Azəryol” da oktyabrın 28-də meydana çıxacaq. Onlar Rumıniyada “Tarqovitse” ilə üz-üzə gələcəklər.