Avropa Voleybol Konfederasiyası (CEV) kişilərdən ibarət milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 48 komandası yer alıb.
Bülənt Karslıoğlunun çalışdırdığı Azərbaycan yığması 80 xalla qitənin 32-ci komandasıdı. Əvvəlki siyahı ilə müqayisədə iki pillə irəliləyən komandamız Lüksemburqla Bosniya və Herseqovinanı arxada qoyub.
Millimizin hesabındakı 80 xalın 30-u Bakıda keçirilən I Avropa oyunlarındakı nəticələrə görə əldə olunub. 38 xal AVRO-2011, 12 xal isə DÇ-2014-ün seçmə mərhələsində qazanılıb.
Cədvəlin ilk pilləsində isə mövqeyini qoruyan Rusiya qərarlaşıb – 334. Hərəyə 1 pillə irəliləyən Serbiya (328) və Polşa (322) yığmaları da ilk “üçlük”də yer alıb.
CEV 18 yaşadək qızlardan ibarət yığmaların da reytinq siyahısını açıqlayıb. Cədvəldə cəmi 34 komanda yer alıb.
Azərbaycan millisi siyahıda 32-ci pillədə yer alıb. 52 xalı olan yığmamız yalnız Gürcüstan və İngiltərəni qabaqlayır. U-18-lərin reytinqinə Serbiya (214), Türkiyə və İtaliya (hər ikisi 210) başçılıq edir.