[b]Suomilərlə görüşdə debüt[/b]
09.12.2015 - 17:15
[b]Suomilərlə görüşdə debüt[/b]

Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ölkəmizi qitənin ikinci dərəcəli klub turnirində təmsil edən “Azəryol” Finlandiya “Salo”su ilə ilk qarşılaşmasına sabah çıxacaq.

 

Bu matç təmsilçimiz üçün xüsusi əhəmiyyət kəsb edir. 1/16 finalda Rumıniya “Tarqovitse”sini “Qızıl set”də məğlub edən “Azəryol”u suomilərlə görüşə yeni baş məşqçi – Ziya Rəcəbov çıxaracaq. Ölkə çempionatında 2 oyunda qələbə qazanan gənc çalışdırıcı avrokubokda da “siftə”sini uğurla bitirmək arzusundadı. Komandanın hazırda yaxşı formada olduğunu nəzərə alsaq, bunun elə də çətin olmayacağını proqnozlaşdırmaq mümkündü.

 

Lakin qələbə qazanmaq elə də asan olmayacaq. Hazırda Finlandiya çempionatının lideri olan “Salo” ilk mərhələdə də nəyə qadir olduğunu ortaya qoyub. İsrail “Hayfa”sına 2 qarşılaşmada 1 set belə uduzmadan 1/8 finala yüksələn şimallılar evdə qələbə seriyasını davam etdirməyə çalışacaqlar.

 

Məğlubiyyət isə “Azəryol” üçün faciə olmayacaq. Çünki cavab oyunu Bakıda keçiriləcəyindən bunun revanşını almaq mümkündü.

 

10 dekabr

CEV kuboku

1/8 final, ilk oyun

21:30. “Salo” (Finlandiya) – “Azəryol” (Azərbaycan)

Hakimlər: Konstantin Osipçuk (Belarus), Pavel Anderson (Rusiya)

Salo, Salohalli Sarayı