Beynəlxalq Voleybol Federasiyası (FİVB) qadın və kişi milli komandalarının yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Avropa Oyunlarının nəticələrinin qeydə alınmadığı siyahıda yığmalarımız fərqli mövqelərdə qərarlaşıblar.
Belə ki, Bakı-2015-də qitə komandalarına öz gücünü göstərən, son anda medal qazana bilməyən Faiq Qarayevin yetirmələri 31-ci yerdədi. Aktivində 35 xalı olan millimiz 2 pillə geriləyib.
Hollandiya və Belçikada keçiriləcək Avropa çempionatında rəqiblərimizdən də irəliləyən olmayıb. Türkiyə 11-ci (104 xal), Belçika 13-cü (88) pilləni qoruduğu halda, Macarıstan geriləyib. Aktivində 16 xalı olan komanda 40-46-cı yerlərə şərikdi.
Bu siyahıya ABŞ (360) başçılıq edir. Braziliyanın (302) ikinci olduğu cədvəldə Çin (278) ilk “3-lüyü” qapayır.
Kişilərdən ibarət Azərbaycan yığması isə mövqeyini qoruyub. Bülənt Karslıoğlunun çalışdırdığı komanda yenə 102-121-ci yerlərə şərikdi. Bu yerlərdə yığmamızla yanaşı, Albaniya, Anguilla adaları, Antiqua və Barbuda adaları, Britaniya Virgin adaları, Burkina-Faso, Burundi, Çad, Qrenada, Macarıstan, Lesoto, Mavnitaniya, Moldova, Mozambik, Namibiya, Norveç, Sent Vinset və Qrenadin, Şotlandiya, Uqanda və Zimbabve voleybolçuları yer alıblar.
Bu reytinq cədvəlində Braziliya (330) birinci yerdədi. Növbəti 2 pillədə isə müvafiq olaraq, Rusiya (324) və Polşa (285) qərarlaşıblar.