Qadın voleybolçular arasında keçirilən klublararası dünya çempionatının iştirakçılarının sayı artırıla bilər. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Voleybol Federasiyasının (FİVB) mundialda 6 deyil, 8 komandanın iştirakını təsdiqləyəcəyi gözlənilir.
Belə ki, FİVB növbəti yığıncaqlarının birində bu məsələni gündəmə gətirməyi planlaşdırır. Dünya çempionatına 2 klubun necə vəsiqə qazanacağına isə artıq aydınlıq gəlib. Beynəlxalq qurum yarışın son qalibi ilə yanaşı, Afrika çempionuna da iştirak hüququ vermək istəyir.
Qeyd edək ki, “Rabitə”nin 2011-ci ildə qazandığı mundiala son illərdə ev sahibi və Afrika istisna olmaqla, digər 5 qitənin çempionları vəsiqə qazanırdılar.