Millimiz Bişkekdə 3-cü oldu
23.03.2016 - 11:02
Millimiz Bişkekdə 3-cü oldu

Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında keçirilən “Nooruz-2016” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, ənənəvi keçirilən yarışda iştirak edən Azərbaycan millisi 4 komanda arasında 3-cü yeri tutub.

 

Tahir Baxşıyevin rəhbərlik etdiyi millimiz son qarşılaşmada yerli “Bars” klubunu məğlub edib. Komandamız 3-cü yer uğrunda matçda rəqibini 4 top üstələyib – 81:77.

 

Turnirin qalibi adını isə Qazaxıstanın “Kaspi” klubu qazanıb. Onlar həlledici matçda Qırğızıstanın “Poltexnik” klubunu 94:61 hesabı ilə məğlub ediblər.

 

Qeyd edək ki, yığmamız turnirin əsas mərhələsində “Kaspi”yə 51:100, “Poltexnik”ə 56:64 hesabı ilə uduzmuşdu. Basketbolçularımız yalnız “Bars”dan güclü olaraq (88:59), yarımfinalda “Poltexnik”lə yenə bacarmamışdı (68:100).